"Məşqlərimiz yaxşı keçir. Pis komanda deyilik, əksinə, heyətimizdə keyfiyyətli futbolçular var və gündən-günə daha da yaxşı olacağımıza inanıram". Sport24.az xəbər verir ki, bu sözləri MOİK-in yeni transferi Yusif Nəbiyev deyib.

28 yaşlı futbolçu komandasının yeni mövsümə hazırlığını dəyərləndirib:

"Hazırlıq prosesi plan üzrə davam edir, məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirməyə çalışırıq. Rəhbərlik qarşımıza çempionluq hədəfi qoyub və biz də bu məsuliyyəti dərk edirik. Bunun üçün hər bir futbolçu maksimum səviyyədə çalışır. Ağır məşqlərdən sonra yoxlama oyunlarında istədiyin performansı göstərmək həmişə mümkün olmur. Fiziki yüklənmələr öz təsirini göstərir. Amma belə matçların əsas məqsədi nəticə qazanmaq deyil. Vacib olan meydanda oynamaq, oyun ritmini bərpa etmək, komanda yoldaşlarını daha yaxşı tanımaq və oyun praktikasını artırmaqdır. Məşqçilər də bu görüşlərdə müxtəlif taktiki variantları yoxlayır, futbolçuların hazırkı durumunu qiymətləndirirlər. İnanıram ki, hazırlıq prosesini uğurla başa vurduqdan sonra daha yaxşı futbol nümayiş etdirəcəyik. Əsas məqsədimiz mövsümə tam hazır başlamaq və qarşımıza qoyulan çempionluq hədəfini reallaşdırmaqdır".

 

Qeyd edək ki, qışda qalmaqallı şəkildə "Səbail"dən ayrılan Yusif Nəbiyev yay fasiləsində MOİK ilə müqavilə bağlayıb.