"Millimizin yenidən Respublika stadionunda oynaması çox yaxşı haldı. Bilirsiniz, "Tofiq Bəhramov"da oynamağın başqa bir xüsusiyyəti var. Orda elə bil futbolçular azarkeşlərə çox yaxın olaraq özlərini çox rahat hiss edirlər. İnandırım sizi ki, bu, tam həqiqətdi". Bui fikirləri Sport24.az-a açıqlamasında təcrübəli futbol mütəxəssisimiz Yunis Hüseynov deyib.
Məlumdu ki, millimiz uzun fasilədən sonra Tofiq Bəhramov adına Respublika stadionunda oynayacaq. Bu, AVRO-2024-ün seçmə mərhələsinda Avsytiya yığması ilə sabahkı matç olacaq. Hüseynov hesab edir ki, millimiz həmişə mərkəzi arenamızda çıxış etməlidi: "O stadion futbolçuya elə bil yeni ruh verir, ikinci nəfəsi açılır. Sanki futbolçu özünü suda balıq kimi hiss edir. Sizi inandırım ki, özüm bu stadionda futbol oynayanda bundan həzz alırdım. Vicdan haqqı belə idi. Bu, nədəndi bilmirəm indi, ola bilər bəzi futbolçularda bu xüsusiyyətlər yoxdu. "Tofiq Bəhramov"da oynadığımda şəxsən mənə ikinci nəfəs verilirdi ki, komandama bacardığımdan artığını edim. Ordakı azarkeşlərlə münasibətlər yaxın olur və futbolçular özünü rahat hiss edir. Ya şəhərin mərkəzindədi deyə azarkeşin gəlməyi asandı, ya da azarkeşin dəstəyi yaxşıdı. Sizə bir misal çəkim, "Qarabağ"ın Bakı Olimpiya Stadionunda oyunu heç də yaxşı alınmır. Amma "Tofiq Bəhramov"da görürsünüz necə oynayır...Yəni, belə hallar var. Buna görə inanıram ki, milli komandamızda da belə müsbət amil olacaq. Fikrimcə, yığmamız daim orda oynamalıdı. Bu zaman həm oyun, həm də əhval-ruhiyyə baxımından çox yaxşı olacaq".
Xatırladaq ki, millimiz son illərdə Mərdəkanda "Dalğa Arena"da oynayıb.
MEHMAN SÜLEYMANOV