Premyer Liqamız başa çatsa da, 2020/21 mövsümü yalnız bu gün bitəcək. Bu, ölkə Kubokunda "Keşlə" - "Sumqayıt" finalıyla baş tutacaq. Ənənəvi rubrikalarımız "Mütəxəssis rəyi"nin budəfəki qonağı olan "Keşlə"nin sabiq baş məşqçisi Yunis Hüseynovla həm final öncəsi şansları dəyərləndirdik, həm də arxada qalan çempionatı.
- “Neftçi”yə sevginizi nəzərə alsaq, onun çempionluğundan sonra əhval-ruhiyyəniz daha yaxşı olmalıdı...
- Həmişə demişəm, bundan sonra ömrümün axrınadək də söyləyəcəm ki, futbolçu, məşqçi kimi Yunis Hüseynovu Azərbaycana tanıdan “Neftçi”olub. Ömrümü bu klubda keçirmişəm. Düzdür, Gəncə futbolunda başlamışam. Amma məni futbolçu kimi çox deməyim, ancaq bir az məşhurlaşdıran “Neftçi” olub. 15 il onların şərəfini qorumuşam, 9 il kapitanı olmuşam. “Neftçi” həmişə “Neftçi”di.
- Maraqlıdı ki, “Neftçi”də 1 gün belə məşqçi işləməsiniz də, ona yenə böyük dəyər verirsiniz...
- Əlbəttə, onu itirmək olmaz axı! Nə olsun ki, məşqçisi olmamışam? Düzdür, “Neftçi”də 1 dəqiqə olsun belə məşqçi işləməmişəm. Halbuki, çox adam işləyib, ancaq mən yox. Bunu bəhanə gətirmərəm həyatı boyu. Ancaq “Neftçi”də çıxış etmişəmsə, bunu danmaq olar?
- Son matçda hər şey öz əlindədi – ud, çempion ol. Ancaq qarşındakı rəqib çox güclüdü – “Qarabağ”dı ki, hansına ki çempionluq üçün heç-heçə də sərf edirdi. Səmimi olsaq, inamınız var idi ki, “Neftçi” bu çətin işin öhdəsindən gələcək?
- Bilirsiniz, inam həmişə olur. Hər bir matçda istənilən nəticə qeydə alına bilər. Səmimi olaraq desəm, 30 faiz inamım vardı “Neftçi”yə, 70 faiz “Qarabağ” demişəm - yalan danışmayaq. Bu ondan irəli gəlmişdi ki, “Neftçi” axır oyunlarda stabil futbol nümayiş etdirməmişdi. Düzdür, “Zirə”yə qarşı çox gözəl oyun göstərmişdi. Ancaq ondan sonra yox - belə deyildi. Buna görə fikrimi bir az dəyişdim. İstəkli olmağına “Neftçi” daha istəkli idi. Bu, həddindən artıq çox idi. Amma təcrübə baxımından “Qarabağ”ın böyük üstünlüyü var. Matçın gedişində onu deyirdim ki, “Neftçi”nin itirəcəyi bir şey yoxdu. Uduzsa, yenə 2-ci yeri tutur, qalib gəlsə, çempion olur. Fikirləşirdim ki, “Neftçi” son 10 dəqiqədə var gücüylə qabağa gedəcək, hətta müdafiəçilər də hücuma qoşulacaq. Belə də oldu, Mamadu Mbodj irəli getdi, bəhrəsini gördülər. Baxma, “Qarabağ” təcrübəli komanda olsa da, ”Neftçi” hücuma gedəndə arxada səhvlər ola bilərdi. Bu, reallaşdı. “Neftçi” 90-ci dəqiqədə qolunu vurdu.
- “Neftçi” 3 hücumçunu irəli buraxanda, yəqin, bu, 30 faiz rəqəmi 50 oldu...
- Burda başqa şey də ola bilərdi - arxa xətdə boşalma və rəqibi də bundan istifadə edə bilərdi. Amma edə bilmədi. “Neftçi” 70-ci dəqiqədən hücumçuları buraxmaqla istəyinə çatdı və qələbə topunu vurdu. Bu, bir dəyişikik oldu çempionatımızda.
- Yəni, yaxşılığa doğru...
- Əlbəttə. Qoy, bir dəyişlik olsun da (gülür). Klublarımıza da avrokuboklarda uğurlar arzulayıram. O cümlədən “Neftçi”yə Çempionlar Liqasında (ÇL). Arzulayaq ki, bu turnirdə layiqli bir oyun göstərsin.
- Buna nə dərəcədə inamlısınız? Çünki reytinqi az, potensial rəqibləri isə güclü..
- Təmiz danışaq, buna da faiz etibarilə 30-70-di. Ona görə ki, rəqiblər güclüdü. Burda bəxt amili də ola var. Ola bilər ki, Tiflis “Dinamo”su, “Şerif”, “Jalgiris” düşsün. Yəni bir az zəiflər var. Ancaq ”Olimpiakos”, “Srvena Zvezda”, Zaqreb “Dinamo”su, “Slovan” kimi güclülər də var. Bəxtdən asılıdı - görək kim düşəcək...
- Gərək heyəti gücləndirsinlər, xüsusilə hücum xəttini...
- Razıyam, ancaq bir şeyi yaddan çıxarmayaq – iyulda həmin matçlardı. Komanda 15 günlük istirahətə gedib. Yeni gələn futbolçu o demək deyil ki, dərhal adaptasiya olunacaq, gəlib dağıdacaq. Buna da vaxt lazım olacaq, vaxt isə yoxdu. Elə bir futbolçular gətirəsən ki, hazırda formada olsun, gələn kimi uyğunlaşıb komandaya köməyi dəysin. Hansılar ki, 20 gündə gəlib komandaya yüzdəyüz köməyi dəyəcək - buna o qədər inamım yoxdu. Ancaq bəli, güclənməsi məqsədəuyğundu. ÇL-də yaxşı nəticə göstərməkdən ötrü mütləq güclənməlidi.
- Honda kimi təcrübəli futbolçu bu arenada kömək edə bilər?
- Bəli, Honda çox təcrübəli, “Milan”da oynamış futbolçudu. Ancaq həmin Honda deyil. Məncə, o qədər də köməyi dəyməcəkdi. Görürsünüz, o gücdə, fiziki hazırlığı o səviyyədə deyil.
- “Neftçi”ni çempion edən baş məşqçi Samir Abasovu futbolçu vaxtından tanıyırsınız. Onu necə xarakterizə edərdiniz?
- “Karvan”da futbolçum olub, ancaq onun xarakteristikası, məşqçiliyi haqda bir şey deyə bilmərəm. Düzdür, oynadığı vaxtda da çılğın olub həmişə.
- Yaxşı, sualı belə qoyaq. Həmin “Qarabağ”a 0:6 uduzan komandanı götürdü, çempionluğa daşıdı. Sizcə, nəyi dəyişə bildi komandada?
- 0:6 hesabıyla uduzan komanda neçənci yerdə gedirdi, 8-ci?
- Yox, liderlər qrupunda, 2-ci...
- Ay sağ ol. Heç kimin işinə kölgə salmaq olmaz. Düzdür, 0:6 uduzan komandanı çempion eləməyini çox yazırlar. Ancaq belə uduzan komanda o demək deyil ki, 8-ci yerdə gedirdi. O həmin vaxt 2-ci pillədə idi. 6 dəfə 0:1 uduzmaqdansa, 1 dəfə 0:6 uduzmaq daha məsləhətə uyğundu. Belə düşünürəm. 0:6 hesabını da çox da şişirtmək lazım deyil.
- Onda belə deyək – o “Neftçi”ylə bu “Neftçi” eyni deyil. Heyət demək olar həminkidi. Bunu demək istəyirəm...
- O başqa məsələ. Samir gələndə taktikanı dəyişdi. Hər bir məşqçinin futbola bir baxışı var. Əvvəlki baş məşqçi Füzuli Məmmədovun futbola baxışıyla, taktikası Samir Abasovun futbola baxışı, taktikası bir-birindən fərqlənir. Samir gələndə öz taktikasıyla oynadı və nəticəni qazandı, vəssalam.
- Komandanı, futbolçuları silkələyə bildi...
- Futbolçular daha istəkli oldular, motivasiyanı yaxşı verdi. Belə deyim var ki, iştah diş altındadı. Komanda hər dəfə qələbə qazandıqca vəziyyət yaxşılaşır. Qələbə qələbəyə aparır, məğlubiyyət isə məğlubiyyətə - belə şeylər də var. Komanda məğlubiyyətə uğradıqca “sınır”. Amma yeni baş məşqçi gələndə komanda özünü göstərmək istəyir. Bu, hər bir yeni məşqçi gələndə olur ki, futbolçu meydançaya çıxanda canla-başla oynayır, özlərini “öldürürlər” ki, onun gözünə girsinlər. Samir ilk matçında Qəbələdə 4:1 uddu, onda da iştah artdı. Ardıcıl qələbələrdən sonra futbolçularda özünəinam yarandı ki, nəticə qazana bilərik. Bu inam artdı, nəticəsi də o oldu ki, axırda gəlib çempion oldular. 0:6 məsələsini televiziyada da eşitdim. Mənə elə gəlir ki, bu, düzgün yanaşma deyil.
- Sizcə, “Qarabağ”da 7 ildən sonra ilk dəfə çempion olmamaq ruh düşkünlüyü yaradacaq, yoxsa, əkisnə toparlanıb daha motivasiyalı olacaq?
- Məncə, ruhdan düşməyəcəklər, toparlanacaqlar. İnanmıram əksinə. “Qarabağ” 2-ci yeri tutdu və Konfrans Liqasında çıxış edəcək. Bildiyiniz kimi, avrokubok təcrübəsi böyük olan bir komandadı. Mənə elə gəlir ki, orda da özünü yaxşı tərəfdən göstərib qrupa düşəcək. Onda o təcrübə var.
- “Sumqayıt” tarixində ilk dəfə Premyer Liqamızın medalçısı oldu və o da Konfrans Liqasına artıq vəsiqə qazanıb. Nəyin hesabına “bürünc savaşı”ında “Zirə”ni üstələdi bu komanda?
- Təmiz danışaq, izlədiyim son matçında “Səbail”in qol imkanları daha çox idi, nəinki “Sumqayıt”ın. Amma qələbə qazanıb 3-ci yeri tutmaq istəyirdi, buna həddən arrıq istəkli idi. Bunun da nəticəsi oldu. Bir az da bəxt amili var idi ki, bu da “Sumqayıt”ın işinə yaradı. O mənada rəqib qol imkanlarından istifadə edə bilmədi. Epizoladara baxıb bu sözləri deyirəm. Burda da "iştah diş altındadı" söhbəti var. “Sumqayıt” qələbələr qazandıqca özünəinam yarandı ki, medalçı yeri tuta bilər. Hər matçda var gücü qoyurdu. “Sumqayıt”ın xoşuma gələn cəhəti bu oldu ki, futbolçular meydançaya çıxanda 90 dəqiqə mübarizə aparırdılar. Yəni, 1 dəqiqə də olsun “boşalma” olmadı. Bunu da hardan gördüm – “Qarabağ” kimi qrupda oynamış komanda Kubokda 210 dəqiqədə onlara qol vura bilmədi. Bu da “Sumqayıt”ın futbolçularının meydanda göstəridyi şücaətin nəticəsidi ki, bütün varlıqlarıyla, istəyilə buna nail oldular. Yekunda bəhrəsini gördülər – həm 3-cü yeri tutdular, həm də Kubokun finalına çıxdılar. Uğurlar arzu edək finalda həm onlara, həm də “Keşlə”yə.
- Proqnozunuz necədi – 4-cü vsiqənin sahibi “Keşlə” olacaq, yoxsa “Zirə”? Yəqin, əvvəlkitək keçmiş komandanızı deyərsiniz...
- Həmişə, “Keşlə”də işlədiyim vaxtda da demişdim ki, avrokuboka vəsiqə qazanacaq. Qışda yeni futbolçular komandaya cəlb olunmuşdu və mənə elə gəlir ki, onlar daha artıq kömək edirlər. Elə finala çıxmaqda da hamısı əziyyət çəkdi meydançada. Bunun da bəhrəsini gördülər. Yenə də proqnozum 30-70-di – yəni “Keşlə”nin qələbə şansını 70 faiz qiymətləndirirəm.
- “Zirə”yə nə mane oldu ki, kənarda qalıb finalın nəticəsini gözləməli olur?
- Səmimi deyim ki, son turda “Sabah”la matçda zəif çıxış elədi. Düzdür, 3-cü yeri tutmağa çox istəkli idilər. Amma oyun onu göstərmədi ki, 3-cü yerə oynayan komandadı. Bilirsiniz, necədi, alışıb yanmadılar. Görmədim “bürünc”ə oynayan bir komanda kimi. 3-cü yerə oynayan meydançada alışıb yanmalıdı. “Sabah” daha istəkli idi. Elə bildim ki, bu komanda 3-cü yer uğrunda mübarizə aparır, rəqibi yox. Mənə elə gəlir ki, "Zirə" çox istəksiz göründü və bunun da nəticəsi bu oldu ki, uduzdu.
MEHMAN SÜLEYMANOV