Portuqaliya millisinin və Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun hücumçusu Kriştianu Ronaldunun nadir kolleksiya kartı rekord məbləğə alıcı tapıb. Sport24.az xəbər verir ki, futbolçunun İtaliyanın "Yuventus" klubunda çıxış etdiyi dövrə aid olan eksklüziv "2018 Panini Kaboom" kartı hərracda 1,35 milyon dollara satılıb.
Bu, indiyədək Ronaldunun kartları üçün ödənilən ən yüksək məbləğdir. Sözügedən satış həm də futbol kartları tarixində ikinci ən bahalı sövdələşmə kimi qeydə alınıb. Bu sahədə rekord 1,5 milyon dollara satılan Lionel Messinin debüt kartına məxsusdur. Əfsanəvi Pelenin kartı isə 1,33 milyon dollarla üçüncü ən bahalı əşya olub.
Ronaldunun kartı üzrə əvvəlki rekord cəmi iki gün əvvəl, mayın 22-də qeydə alınmışdı. Həmin vaxt ulduz futbolçunun digər bir nadir kartı hərracda 420 min dollara satılmışdı. Son satış əvvəlki rekordu üç dəfədən çox təzələyib.
Qeyd edək ki, dünyada cəmi bir nüsxədə olan bu yaşıl rəngli kart "Professional Sports Authenticator" (PSA) tərəfindən ən yüksək keyfiyyət dərəcəsi (PSA 10 - ideal vəziyyət) ilə qiymətləndirilib.