"Tək bu oyundan yox, hamı kimi mən də millimizin bütün qarşılaşmalardan uğurlu nəticə ilə ayrılmasını istəyirəm. Amma qrupumuz çox çətindir". Bu sözləri Sport24.az-a açıqlamasında Yunis Hüseynov deyib.

Azərbaycan millisinin sabiq futbolçusu, hazırda "Turan Tovuz"un məşqçilər korpusunda yer alan mütəxəssis yığmanın səfərdə İslandiyaya qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələ oyunu ilə bağlı fikirlərini bölüşüb:

"İslandiya yığması atletik futboluna üstünlük verir, biz isə topla oynamağı sevirik. İlk oyunda futbolçularda motivasiya yüksək səviyyədə olur. Güc futboluna üstünlük verən, "ikinci mərtəbədə" yaxşı oynayan komandalara qarşı isə yaxşı çıxış edə bilmirik. Bu, həmişə belə olub. Demişəm və o fikirdə qalıram ki, legioner limitinin ləğvi yığmamıza təsir edəcək. Bunu nəinki mən, bütün yerli məşqçilər deyib. Milliyə bütün oyunlarda qalib gəlib final mərhələsinə yüksəlməyi arzu edirəm. Ancaq real danışsaq, İslandiya ilə oyunda bir xal yaxşı nəticə hesab oluna bilər".

Qeyd edək ki, sentyabrın 5-də təşkil olunacaq İslandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.