Finlandiyanın HİK klubu 2-ci dəfə avrokuboklarda Azərbaycan təmsilçisiylə görüşəcək. Sport24.az xəbər verir ki, Helsinki təmsilçisi 2 il əvvəl də Çempionlar Liqasında (ÇL) dayanan təmsilçimizə Avropa Liqasının III təsnifat mərhələsində rəqib olmuşdu.
Onda bu "Neftçi" idisə, indi "Qarabağ"dı.
Samir Abasovun komandası finlərlə "Bakcell Arena"dakı ilk matçda 2:2 hesablı heç-heçə etmişdi. "Ağ-qaralar" belçikalı legioneri Sabir Buqrinlə 59-cu dəqiqə hesabı açsa da, bundan az sonra 4 dəqiqəyə 2 qol buraxaraq məğlub duruma düşmüşdü. "Neftçi"ni məğlubiyyətdən 80-ci dəqiqədə kapitanı Emin Mahmudov tarazlığı bərpa etməklə xilas etmişdi. Səfərdəki cavab görüşündə isə bakılılar böyük hesablı məğlubiyyət (0:3) alaraq Avroliqada da çıxışını başa vurmuş və Konfrans Liqasına yollanmışdı.
"Qarabağ" isə 1996-cı ildən çıxış etdiyi avrokuboklarda 3-cü dəfə Finlandiya təmsilçisiylə qarşılaşacaq. Maraqlıdı ki, "süvarilər"in Avropa yolçuluğu məhz bu ölkəylə duellə başlayıb. Onda Kuboklar Kubokuyla "siftə" edən ağdamlılar "MüPA-47"ə Tofiq Bəhramov adına Respublika stadionunda 0:1 hesabıyla uduzmuş, səfərdə isə həmin hesabla qalib gəlmişdi. Nəticədə təyin olunan əlavə 30 dəqiqənin sonunda finlər hesabı 1:1 edərək mərhələni keçmişdi. Həmin vaxt Elbrus Abbasovun baş məşqçisi olduğu komandada qol müəllifi yarımmüdafiəçi Bəxtiyar Musayev (27-ci dəqiqə) olmuşdu. Bu, "Qarabağ"ı avrokuboklarda ilk qolu kimi tarixə düşüb.
Bundan 23 il sonra Qurban Qurbanovun "Qarabağ"da avrokuboklarda debüt mövsümündə "suomilər"lə yollar kəsişir. Bu, 2009/10 mövsümündə Avropa Liqasının III təsnifat mərhələsində "Honka"yla idi. Ağdam klubu ilk matçı Finlandiyada keçirərək, 69-cu dəqiqədə yarımmüdafiəçisi Elvin Məmmədovu vurduğu qolla minimal hesablı qələbə qazanıb. Qurban Qurbanovun komandası Respublika stadionundakı cavab görüşündə də qələbəyə sevinib - 2:1.Elvin yenə qolla (32-ci dəqiqədə) öz sözünü deyib. 80-ci dəqiqədə isə digər yarımmüdafiəçi Rəşad Sadiqov fərqlənib.
Onu da bildirək ki, HİK yenə ilk olaraq Bakıya qonaq gələrək, bu dəfə "Tofiq Bəhramov"da oyuna çıxacaq.