Azərbaycan Premyer Liqasının (APL) sabah start götürəcək XVIII turunu 7 futbolçu cəza üzündən buraxacaq. Sport24.az xəbər verir ki, bunlardan əcnəbi mərkəz müdafiəçiləri - kolumbiyalı Kevin Medina ("Qarabağ") ilə yunanıstanlı Dmitrios Çantakias ("Zirə") birbaşa aldıqları qırmızı vərəqələin cəzalarını çəkməkdə davam edirlər.

Belə ki, 2 oyunluq cəzalanan Çantakios bu turdan sonra komandasına kömək edə biləcəksə, 4 matçlıq diskvalifikası olan Medina hələ 2 matç da kənarda qalacaq. 

Digər 5 futbolçu isə vərəqə limitini aşdıqlara görə meydana çıxa bilməyəcəklər. Bu problemi əsas "Qəbələ" çəkəcək. Çünki "Qarabağ"la çətin səfər matçında birdən-birə iki aparıcı futbolçusu - mərkəz yarımmüdafiəçisi Cavid Hüseynovla brazilyalı vinger Rafael Utriq bu üzdən oynamayacaq. Özü də bu komandaların Premyer Liqada son görüşündə məhz Utriq vurduğu bərabərlik qoluyla azlıqda qalan "Qəbələ"yə al qazandırmışdı.

"Səbail"in təcrübəli müdafiəçisi Ürfan Abbasov, "Keşlə"nin braziliyalı hücumçusu Silvio Rodriges və "Sabah"ın xorvatiyalı yarımmüdafiəçisi Mario Marina da bu turda cəzalılar sırasındadı. Özü də Marina digər limiti aşanlardan fərqli 4-cü yox, 8-ci sarı vərəqəsini alır. Yəni, o, bu çempionatda artıq bir dəfə cəzalı duruma düşüb. Bununla da Mario cari çempionatda passivində ən çox "sarı" olan futbolçudu.