"Araz-Naxçıvan" klubunun rəhbərliyi komandanın Azərbaycan Kubokunda mübarizəni erkən dayandırmasından narazıdır. Sport24.az-ın əldə etdiyi məlumata görə, Naxçıvan təmsilçisinin rəhbərliyi 1/8 final mərhələsində "Kəpəz"lə keçirilən və əlavə vaxtda məğlubiyyətlə nəticələnən qarşılaşmadan əvvəl futbolçular üçün ciddi motivasiya paketi hazırlamışdı.

Belə ki, komanda Azərbaycan Kubokunun qalibi olacağı təqdirdə 500 min manatdan artıq məbləğin futbolçular, məşqçilər heyəti və klubun digər əməkdaşları arasında bölüşdürülməsi planlaşdırılırdı.

Lakin kubokla vidalaşan "Araz-Naxçıvan" ötən mövsümdə olduğu kimi bu dəfə də avrokuboklara vəsiqə qazanmaq məqsədini çempionat üzərindən reallaşdırmağa çalışacaq. Elmar Baxşıyevin baş məşqçisi olduğu kollektiv hazırda 23 xalla turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. 3-cü sırada olan "Zirə"nin və 4-cü pillədəki "Sumqayıt"ın aktivində isə 27 xal var.