"Baş məşqçi dəyişikliyi haqda heç nə danışmaq istəmirəm. Futboldu da, hər şey ola bilər. Bu, klubun daxilində olan məsələdi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Xan Lənkəran"ın idman direktoru Emin Təyyaroğlu söyləyib. 

AFFA-nın keçirdiyi Region Liqasında qış fasiləsində məğlubiyyətsiz lider kimi yollanan bu komandada baş məşqçi İqbal Babayev və onun köməkçisi Cəfər Mirzəyevin istefaya göndərilməsi ilə bağlı gözlənilməz xəbər oldu. Cənubluların artıq yeni baş məşqçisi də bəllidi ki, bu, ölkəmizdə həm peşəkar, həm də həvəskar futbolda çalışmış türkiyəli mütəxəssis İbrahim Uzuncadı: "PRO kateqoriyalı məşqçidi. Onu Region Liqasında çıxış edən komandamızı çalışdırmağa razı sala bilmişik. Yeni baş məşqçimiz artıq burdadı, Köməkçi məşqçi gətirməsi ilə bağlı hələ danışıq olmayıb. İnşallah, gələcəkdə görərik".

Klub rəsmisi hələ ki heç bir futbolçuyla yolları ayırmadıqlarını vurğulayıb: "Həminki heyətimiz qalır. Yeni futbolçuların gəlişi məsələsinə baş məşqçi qərar verəcək. Maddi durumla bağlı vəziyyət şükür Allaha, hələ belə bir sıxıntımız yoxdu. Mükafata gəlincə, oyuna baxır - bəzən olur, bəzən yox. Olmayanda belə, futbolçular canla-başla oynayırlar"

Təyyaroğlu komandanın çempionatın ilk yarısında çıxışı və qarşıdakı hədəflər haqda da soruşduq: "Nəticəyə baxanda razıyıq. Qrupu 1-ci yerdə başa vurmuşuq. Sözsüz ki.məqsəd, yeni baş məşqçimizin da qarşısına qoyduğumuz da çempion olmaqdı. Amma bu, oyundu, nəticəni əvvəlcədən bilmək olmur. Biz özümüzü favorit kimi görürük. Sadəcə, futboldu, hər şey ola bilər. Bəzən görürsən ki. "Barselona" kimi zəif komandaya uduza bilir. Bu, futboldu, yekunu 90 dəqiqə meydanda görmək olur. Qabaqadan nəsə demək bir az çətin məsələdi. Güclü rəqiblər var. qismət". 

 

 

MEHMAN SÜLEYMANOV