Futbolçu karyerası ərzində "Qarabağ", "Xəzər Lənkəran", Karvan", "Qəbələ", "İnter" və "Səbail" klublarında çıxış etmiş, eyni zamanda milli komandanın da şərəfini qorumuş Vüqar Nadirovun Sport24.az saytına müsahibəsi

- Hazırda nə işlə məşğul olursan? Futbol təsərrüfatından uzaqsan...
- Bəli, futbolla bağlı heç bir iş görmürəm.

- Futboldan tamamilə uzaqlaşmağının səbəbi nədi?
- Hazırda futbolda çalışmağım üçün təklif yoxdur. İllərlə futbolda olmuşuq, oynamışıq. Amma bir nəfər zəng edib maraqlanmır. Söhbət maddiyatdan getmir. Mənəvi dəstəyi nəzərdə tuturam. Düzdür, oynamışıq, pulumuzu qazanmışıq. Ancaq heç kim bizə qara qaşımıza, gözümüzə görə pul verməyib. Oynayıb, pulumuzu qazanmışıq. Digər tanınmış futbolçular da var ki, onlar da kənarda qalıblar.

- Özün hansısa klubla danışığa cəhd etmisən?
- Heç vaxt! Heç bir kluba özüm müraciət etməmişəm, etmərəm. Kim sayıb dəvət edirsə, gedərik. Niyə kiminsə qapısına getməliyəm?

- Uman yerdən küsərlər. Yəqin ki, təklif gözlədiyin klublar olub...
- Bəli...

- Neçə vaxtdır futboldan uzaqlaşmısan?
- 2019-cu ildən. Sonuncu dəfə MFL-də fəaliyyət göstərmişəm.

- Məşqçilik kateqoriyası ilə işlərin nə yerdədi?
- Məndə C kateqoriyasıdır. Lap gedim hamısını oxuyum. Ancaq işləməyə komanda olmayandan sonra onları oxumağın nə mənası var ki?

- Gələcək planların nədən ibarətdir? Hansı işləri görmək istəyirsən?
- Gələcəklə bağlı planlarım var. Vüqar Nadirov adına Futbol Akademiyası açmaq istəyirəm. Ancaq bu adi akademiya olmayacaq. Burada uşaqların təhsili, təlim-tərbiyəsi, qidalanması, məşqləri üçün hər şərait olacaq. Burada qalmaq üçün şərait də olacaq. Bu gün təhsil müəssisələri fəaliyyət göstərir ki, orada illik ödəniş edirsən və hər xidmət göstərilir. Burada təhsil, qida, idman, xarici dil və s. hamısı olur. Mən də vahid bazada bu cür sistem yaratmaq istəyirəm. Çünki bu futbolun təməlidir. Bunun üçün maliyyə dəstəyi lazımdır. Bunları həyata keçirdiyin zaman gələcəkdə yetişdirdiyin uşaq artıq daha peşəkar olacaq. Plan üzrə işləyirik. Sizin vasitənizlə futbola sərmayə qoymaq istəyən şəxslərə də səslənirəm. Təbii ki, burada əsas sosial məsuliyyət olmalıdır.

- "TikTok" platformasında yarışa qatıldın və bu birmənalı qarşılanmadı...
- Azər məni ilk verilişə də çağırmışdı. Ancaq vaxtım olmadığı üçün getmədim. Həmin ərəfədə iki uşaq hazıladım və "Səbail"ə verdim. Həmin uşaqların bütün hər şeyi ilə maraqlanıb, nəzarət edirdim. Mən biri işi görəndə canla-başla çalışıram. Maddiyatın önəmi yoxdur. "TikTok"a gəlincə, qardaş ölkəyə nəzər yetirək. Bu gün Türkiyədə futbolçular karyeraslarını bitirdikdə hara gedirlər? Tənqid edə bilərsən, amma təhqir olmaz. Mənim həyatımdır və nə edəcəyimə özüm qərar verərəm. Məni çox jurnalist axtardı. yaxşılarına aid etmirəm, amma bəzilərinə dedim ki, məni niyə axtarmırdın bu vaxtacan? İndi mənə onminlərlə adam baxır deyə axtarırsan. Başa düşdüm ki, reklam olmasa irəli getmək olmur. Bizim dönəmimizdə də, elə futbolçu vardı ki, jurnalistə deyirdi ki, məndən yaz. Məsələn, Ruslan Abışov klipdə çəkildi. Tənqid oldu? Yox.. Futbol da bir şoudur. Mən həmin yarışa çıxandan sonra gündəm oldum. Yatmış şiri oyatdılar.