"Mövsümdə açılışı oyunumuzun keçirdik. İki minə yaxın azarkeş matçı tribunadan canlı izləyirdi. Qubada əsl futbol bayramı alındı. Bundan sonra da bölgədə idmanın "şah"ınnın inkişafı və populyarlaşması üçün əlimizdən gələni edəcəyik". Bu sözləri Sport24.az-a açıqlamasında "Hypers Guba"nın baş məşqçisi Vüqar Nadirov deyib.

 

II Liqanın debütantının çalışdırıcısı "Araz Saatlı" ilə oyunda adı sifariş ərizəsində olmayan futbolçunu meydana buraxmaq məsələsinə də aydınlıq gətirib: "Klub olaraq pillə-pillə inkişaf edirik. Loru dildə desək, uşaq kimi iməkləməklə, ayaq üstə qalxmışıq. Həmişə səmimi olmuşam, yalan danışmağı da sevmirəm. Bəli, "Araz Saatlı" ilə oyunda səhlənkarlıq, bilməməzlikdən adı iştirak ərizəsində olmayan futbolçunu meydana buraxmışıq, səhvimizi də danmırıq. Rəqib komanda da bununla bağlı İntizam Komitəsinə şikayət bildirib ki, bu da onların qanuni haqlarıdı. Barəmizdə hansı qərar qəbul olunmasından asılı olmayaraq, razılaşacağıq. Mənə vacib olan komandamın oyununda oyununa artırmasıdı. 0:2 hesabı ilə geridə olduğumuz matçda geridönüş etməklə qələbə qazandıq. Oyun planında qalib gəlmişik və düzgün yoldayıq. Texniki səhvə görə məğlub olacağıqsa, bunun üçün başımızı aşağı əyməyə ehtiyac yoxdu. Bunun adı texniki səhvdi. "Araz Saatlı" rəhbərliyini də zərrə qədər qınamıram, şikayət etmək, haqlarını tələb etmək onların qanuni hüququdur. Saatlı təmsilçisinə çempionatda uğurlar arzu edirəm".

 

Qeyd edək ki, "Araz Saatlı"nın iddiasına əsasən  II Liqanın ilk turunda "Hypers Guba" onlara qarşı adı protokolda olmayan futbolçunun xidmətindən yararlanıb.


ABDULLA İSMAYILOĞLU