"İndiki dövrdə futbolda artıq "favorit" anlayışı o qədər də qəti deyil". Bu sözləri Sport24.az-a açıqlamasında Vidadi Rzayev deyib.
Təcrübəli mütəxəssis dünya çempionatını qazana biləcək favoritinin adını da vurğulayıb:
"Demək olar ki, bütün komandalar müdafiə olunmağı bacarır. Açığı, mənim proqnozlarım da çox vaxt dəqiq çıxmır. Könlüm istərdi ki, Dünya çempionu Türkiyə olsun, amma bu, real görünmür. Əsas favorit kimi isə Braziliyanı görürəm. Sürpriz edə biləcək komandalar arasında Bosniya və Herseqovina da var. Hətta İtaliya kimi böyük bir yığmanı kənarlaşdırmaları da bunu göstərir. Pley-offda Bosniya ilə qarşılaşanda bir çoxu artıq "vəsiqə qazanıblar" kimi düşünürdü, amma reallıq fərqli oldu. Hazırda dünyanın ən formada olan futbolçularından biri Lamine Yamaldır. Onun çıxışlarından çox şey gözlənilir. Eyni zamanda fransalı Maykl Olise də diqqət çəkir. Bu iki futbolçu Dünya çempionatında oyunları ilə turnirə ciddi təsir göstərə bilər".
Qeyd edək ki, tarixdə ilk dəfə üç ölkənin ABŞ, Kanada və Meksikanın ev sahibliyi edəcəyi futbol üzrə dünya çempionatı bu gün start götürəcək. Mundialın açılış matçı A qrupunda Meksika və Cənubi Afrika Respublikası yığmaları arasında baş tutacaq. Paytaxt Mexiko şəhərində yerləşən "Asteka" stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.