Misli Premyer Liqasının XXX turunun "Karvan-Yevlax" – "Neftçi" oyunundan (0:3) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırıb. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşüb:
– "Qarabağ"la ikinci oyundan sonra uşaqlarda böyük emosiyalar ortaya çıxdı. Bu oyun üçün çox həyəcan keçirdim. Məşqçilər heyəti olaraq bunun öhdəsindən gələ bildik. Futbolçulara da minnətdaram.
– "Neftçi"nin avrokuboklara vəsiqə məsələsi məhz sizin ev oyunlarınızı keçirdiyiniz arenada müəyyənləşəcək. Həmin oyundan – kubokun finalından gözləntiləriniz nədir?
– Qarşıda üç oyun var və bunlar bizim üçün finaldır. Bütün futbolçular başa düşür ki, hər matçda maksimum nəticə göstərməliyik. Kubokun finalından da çox şey asılı olacaq. Titulu kim qazanacaq? Zaman göstərəcək. Öz oyunlarımız da vacibdir. Sona qədər mübarizəmizi davam etdirəcəyik.
– Falaye Sakoya nə vermişdiniz ki, mövsümün ən yaxşı oyunlarından birini keçirdi?
– Ona təşəkkür edirəm, peşəkar futbolçudur. Bir oyunda yox, bütün matçlarda səviyyəsini ortaya qoymalıdır. Fransa çempionatında da oynayıb və yaxşı təcrübəsi var. Ona nə deyim? Afərin!
– Məşqçi kimi böyük yol keçmisiniz. Müharibə vaxtı ölümlə üzbəüz olmusunuz. Amma ötən oyundan sonra çox həyəcanlı olduğunuzu demişdiniz. Bu, matça görə idi, ya başqa səbəbi oldu?
– Başqa səbəb yox idi. Sadəcə 1:5 hesablı məğlubiyyət mənim üçün sarsıdıcı oldu. Bu məğlubiyyətdən sonra söz tapa bilmirdim. Ona görə də, ikinci oyunda fərqli çıxış etdik. Qələbədən sonra emosiyalar başqa cür idi. Ona görə qərar verdim ki, suallara cavab verməyim. "Neftçi" kimi tarixi olan komandada işləmək şərəfdir. Klubda işləyərək futbolçulara, azarkeşlərə, rəhbərliyə böyük hörmətim var. Oyunçular da "Neftçi"də olmağın üstünlüyünü dərk etməlidir. Hər zaman peşəkar oynamalıdırlar ki, bu kluba layiq olsunlar.
– Transfer məsələlərində planlarınız hazırdır?
– Transferlər barədə danışmamışam. Kim hansı oyunçunun adını çəkirsə, özü də danışsın. Vaxtı gələndə hər şeyi özüm deyəcəyəm. Yazırlar ki, hansısa futbolçu ilə münaqişə etmişəm, amma bu, doğru deyil. Transfer işlərində çox diqqətli olacağıq.
– "Neftçi"nin "üçlük"dən kənarda qalmasının səbəbi mövsümün əvvəlində itirilən xallardır, yoxsa hakim qərarları?
– Bu barədə şərh vermək istəmirəm. Komanda məndən əvvəl də çoxlu xallar itirmişdi. "Turan Tovuz", "Zirə", "Şamaxı", "Sumqayıt"la oyundakı heç-heçələr mənim də vaxtımda olub. Çalışırıq ki, hər oyunda maksimum nəticə qazanaq. Komandada müsbət dəyişikliklərə nail olmuşuq. Ən böyük arzumdur ki, "Neftçi" layiq olduğu yerlərdə olsun.
– Kubokun finalını stadiondan izləyib, "Sabah"a azarkeşlik edəcəksiniz?
– Dəqiq bilmirəm. "Sabah"a və ya "Zirə"yə azarkeşlik etməyim doğru olmaz. Güclü olan qalib gəlsin. Düzdür, "Sabah"ın qələbəsi bizə daha uyğundur, amma hansısa rəqibimizə pis bir şey arzu edə bilmərəm. Həyat bumeranqdır.