Misli Premyer Liqasının XXXII turunun "Sabah" – "Neftçi" oyunundan (1:2) sonra qonaq komandanın baş məşqçisi Yuri Vernidub jurnalistlərin suallarını cavablandırdı. Sport24.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bölüşdü:

 

– Düşünürəm ki, gözəl axşamdır. Qarşımıza qoyulan məqsədə çatdıq.

 

– Bura gələndə əmin idiniz ki, hədəfə çatacaqsınız?


– İşimizi elə qurmalıydıq ki, sonda istədiyimiz yerdə ola bilək. Bilirdim ki, 4-cü yerdən çox uzağıq, amma anlayırdım, qarşımızda 19 oyun var idi. 2025-ci ilin sonlarında gəldim, iki matçımız olacaqdı. Bu görüşlərdən sonra fasilə oldu və imkan yarandı ki, oyunçularla daha yaxın olaq. Bilirdim ki, qarşımızdakı tapşırıq çətindir, ancaq nail olacağımıza inanırdım. Daha yaxşı oynamaq, çalışmaq lazım idi. Bunları etsəydik, Allah da bizi mükafatlandıracaqdı. Səmimi deyirəm, bu gün çox xoşbəxtəm.

 

– Komandada əsas nəyi dəyişdiniz ki, bu nəticəni əldə etdiniz?


– Futbolçularla fərdi danışdıq, nizamı bərpa etdik. Oyunçuları kifayət qədər yüklədik. Çünki anlayırdıq ki, biz "Neftçi"yik, bütün matçlarda "bir nömrə" kimi oynamalıyıq. Azından "Sabah", "Qarabağ" kimi futbol göstərməliydik. Komandada inamı yaratdıq və bunun nəticəsində yolumuza davam etdik. Futbolçuların məşqçilər korpusuna inanması mühüm amil idi. Klubdakı bütün işçilərə təşəkkür edirəm, hər birinin böyük rolu var. Xüsusilə, rəhbərliyə təşəkkür edirəm. Onlar hər zaman yanımızda oldular, dəstək göstərdilər. Bu da çox önəmli oldu. Baxın, bunlar bizim qələbələrimizin təminatçısı idi.

 

– Bu heyətlə Avropada uğur qazanmaq olar?

 

– Komandaya gələndə bildirdim ki, mövsümün sonuna kimi heç kimlə vidalaşmayacağıq. Yayda bu haqda qərarlar olacağını dedik. Bəzi oyunçuların müqavilələri bitir. Başa düşürəm ki, Avropada yaxşı mübarizə aparmaq üçün yeni adlara ehtiyac var. İstəməzdim ki, Konfrans Liqasına gedib elə birinci mərhələdə dayanaq. Çempionlar Liqasında, Avropa Liqasında qruplarda iştirak etmişəm. Konfrans Liqasında da bunu etmək istəyirəm. Bütün bunları nəzərə alaraq, uyğun qərarlar verəcəyik. Görəcəyimiz işlər çoxdur. Hədəfə çatmaq üçün böyük əmək sərf etməliyik.