"Misli Premyer Liqasının ilk turu həmişə xüsusi maraq doğurur". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.
Məşqçilər Komitəsinin sədri Misli Premyer Liqasının yeni mövsümünün ilk oyunu - "Turan Tovuz" - "Qəbələ" qarşılaşmasından gözləntilərini bölüşüb:
"Komandalar mövsümə necə hazırlaşdıqlarını göstərməlidirlər. Bu baxımdan "Turan Tovuz" – "Qəbələ" qarşılaşması da maraqlı oyun olacaq. "Turan Tovuz" son illərdə öz oyun üslubunu formalaşdıran və evdə daha inamlı çıxış edən komandadır. İlk tur olduğu üçün komandaların tam optimal vəziyyətdə olması çətin məsələdir. Buna görə də oyunun gedişində fiziki hazırlıq və taktiki intizam ön plana çıxa bilər. Məncə, hər iki komandanın şansları var. "Turan Tovuz" ev amilindən istifadə etməyə çalışacaq, "Qəbələ" isə ilk tura xal və ya xallarla başlamaq istəyəcək. Maraqlı və mübarizəli qarşılaşma gözləyirəm".
Qeyd edək ki, "Turan Tovuz" "Qəbələ" komandasını qəbul edəcək. Qarşılaşma saat 19:30-da start götürəcək.