"Millidən gözləntilərim böyükdür. Rəqibdən asılı olmayaraq, müsbət nəticə qazanmaq vacibdir". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

Məşqçilər Komitəsinin sədri millimizin Malta və San Marino yığmalarına qarşı keçirəcəyi yoldaşlıq oyunlarından gözləntilərini bölüşüb:

"Bu, Millətlər Liqası ərəfəsində komandaya psixoloji baxımdan ciddi üstünlük verə bilər. Məşqçi heyəti və futbolçular da bunun fərqindədirlər. Millətlər Liqasındakı rəqiblərimiz artıq məlumdur. Həmin komandalara qarşı tətbiq ediləcək oyun modelini yoldaşlıq görüşlərində sınaqdan keçirmək lazımdır. Bu oyunlarda əsas məqsəd nəticədən çox, komandanın hazırlıq səviyyəsini yoxlamaqdır. Hər bir futbolçu meydana çıxarkən maksimum dərəcədə özünü göstərməlidir. Yığmamızın Malta ilə matçda qələbə qazanacağını gözləyirəm. Daha sonra isə əsas hədəf Millətlər Liqasını lider kimi başa vuraraq qarşıya qoyulan məqsədə çatmaq olmalıdır. Ayxan Abbasov klublarında az oynayan futbolçuları yığmaya dəvət etməklə onların komandanın ümumi atmosferinə və oyun sisteminə necə təsir göstərə biləcəyini qiymətləndirmək istəyir. Bu müşahidələrdən sonra Millətlər Liqası oyunları öncəsi müəyyən qərarlar qəbul oluna bilər".

Qeyd edək ki, Malta ilə matç iyunun 5-də, San Marino ilə görüş isə 9-da baş tutacaq. Qarşılaşamalar Bakı vaxtı ilə saat 22:00-da Macarıstanın Sombatxey şəhərində yerləşən "Haladaş" stadionunda keçiriləcək.