"Dinamo" ilə keçirilən ilk oyunun başlanğıcı "Neftçi"nin əsl potensialını nümayiş etdirdi. Komanda ilk dəqiqələrdə sürətli, aqressiv və hücumameyilli futbol sərgilədi". Bu sözləri Sport24.az-a açıqlamasında Vaqif Sadıqov deyib.

Təcrübəli mütəxəssis "Neftçi"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Dinamo"ya (Minsk) 2:4 hesabı ilə uduzduğu ilk oyunu şərh edib:

"Qısa müddətdə iki qolun vurulması göstərdi ki, "Neftçi" istədiyi oyunu ortaya qoya biləndə rəqib üçün ciddi problemlər yarada bilir. Məhz bu səbəbdən hesab edirəm ki, cavab qarşılaşması üçün nikbin olmaq olar. "Dinamo" elə bir rəqib deyil ki, onu səfərdə məğlub etmək mümkünsüz görünsün. Düzgün yanaşma və maksimum konsentrasiya ilə "Neftçi" növbəti mərhələyə yüksəlmək şansını qoruyur. Bu məqamda komandanın hər zamankından daha çox azarkeş dəstəyinə ehtiyacı var. Belə vəziyyətlərdə futbolçulara psixoloji dəstək göstərmək çox vacibdir. Çünki iki oyundan ibarət qarşıdurmalarda hər şey cavab matçında dəyişə bilər. Hələ heç nə itirilməyib və intriqa tam şəkildə qalır".

 

Təcrübəli mütəxəssis "ağ-qaralar"ın problemlərini  də vurğulamağı unutmayıb:

 

"Ancaq etiraf etmək lazımdır ki, ilk oyunda ciddi nöqsanlar da özünü göstərdi. Komanda 2:0 hesabı ilə önə keçəndən sonra sanki rahatlaşdı. Futbolçular əvvəlki dinamikanı və intizamı qoruya bilmədilər, rəqibə daha çox topa sahib olmaq və hücumlar qurmaq imkanı verdilər. Bunun səbəbinin nə olduğunu kənardan dəqiq söyləmək çətindir. Bu, həm psixoloji arxayınlıq, həm də fiziki hazırlıqla bağlı ola bilər. Oyunun ilk 15 dəqiqəsində hamımız düşündük ki, nəhayət, azarkeşlərin görmək istədiyi "Neftçi" meydana çıxıb. Bütün bunlara baxmayaraq, "Neftçi"nin cavab oyununda mərhələni keçmək üçün kifayət qədər potensialı var. Əsas məsələ ilk oyunun müsbət tərəflərini qorumaq, buraxılan səhvlərdən nəticə çıxarmaq və 90 dəqiqə ərzində eyni intizam və məsuliyyətlə mübarizə aparmaqdır".

 

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 30-da keçiriləcək. Bu cütün qalibi növbəti mərhələdə "Jelezniçar" (Serbiya) – "Braqa" (Portuqaliya) qarşılaşmasının qalibi ilə qarşılaşacaq.