"Transferlər o zaman uğurlu olur ki, komanda mövsümün sonunda qarşısına qoyduğu məqsədə çatır". Bu sözləri Sport24.az-a açıqlamasında tanınmış agent Vaqif Heydərli deyib.
Tanınmış menecer Premyer Liqada legioner limitinin ləğvini və komanda sayını artmasını nəzərə alaraq yay transfer dönəminin pəncərəsinin səs-küylü keçəcəyini bildirib:
"Son mövsümdə avrokuboklara vəsiqə qazanan klubların transferləri uğurlu olub ki, onlar qitəmiqyaslı tunirlərə yollanacaqlar. Mövsümün əvvəlində "Kəpəz"in Premyer Liqada qalmağı çox ciddi şübhə doğururdu. Onlar da müəyyən transferlərlə dönüş yarada bildilər və bunun sayəsində elitada yerlərini qorudular. Legioner limitinin aradan qalxmasını və komanda sayının artmasını nəzərə alsaq, bu yay ölkəmizə yetərincə əcnəbinin gələcəyini gözləmək olar. Bütün klubların transferlərə ehtiyacı var. Kağız üzərində klubların çoxu istirahətdə olsa da, transfer çalışmalarını davam etdirir. Təbii ki, hər bir klub büdcəsinə uyğun legioner dəvət edəcək".
Qeyd edək ki, 2025/26 "futbol ili"ndə Misli Premyer Liqasında legioner limiti tətbiq olunmayacaq.