"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas Çempionlar Liqasında "KuPS"a qalib gəldikləri oyunu şərh etdi. Sport24.az xəbər verir ki, mütəxəssis matçla bağlı bunları dedi:

 

"İlk növbədə komandamızı, azarkeşlərimizi, rəhbərliyi və bütün Azərbaycan futbol ictimaiyyətini təbrik etmək istəyirəm. Düşünürəm ki, bu, tarixi nailiyyətdir. Belə bir nəticəni əldə etdiyimiz üçün həqiqətən qürur duyuram. Şadam ki, mərhələni keçən tərəf biz olduq. "KuPS"a Finlandiya çempionatında və Avropa Liqasının növbəti mərhələsində uğurlar arzulayıram".

 

Dambrauskas matçın gedişatı və komandasının oyunundan da söz açdı:

 

"Çox çətin bir oyunu geridə buraxdıq. "KuPS"un azarkeşləri öz komandaları ilə fəxr edə bilərlər. İlk matçdakı 1:0 hesablı qələbəmizdən sonra rəqib panikaya düşmədi və oyuna yaxşı hazırlaşmışdı. Birinci hissədə bizdən daha yaxşı oynadıqlarını demək olar. Həm də ilk hissədə bir futbolçumuzun burnundan qan gəldiyi və forması dəyişdirildiyi üçün uzun müddət azlıqda oynamalı olduq. Bu da işimizi çətinləşdirdi.

 

Fasilədə futbolçularla danışdıq, onlara lazımi tapşırıqları verdik. İkinci hissədə dominantlıq bizdə idi. Hesabı açdıqdan sonra təşəbbüsü tam ələ aldıq və bəlkə də daha çox qol vura bilərdik.

 

Bu gecə birbaşa Azərbaycana uçuruq. Gələn həftə keçiriləcək növbəti oyuna dərhal hazırlaşmalıyıq. Çempionlar Liqası çox tələbkardır".