"UEFA tərəfindən bizdən xahiş olundu ki, Region Kubokunda ilk mərhələ oyunlarını Azərbaycanda keçirək. Çünki Belarusda olmalı idi, məlum səbəblərə görə orda baş tuta bilmədiyinə görə müəyyən ölkələrdən xahiş olundu. Biz ilk olaraq razılığımızı bildirdik". Bu fikirləri Sport24.az-a açıqlamasında AFFA-nın baş katibi Sərxan Hacıyev deyib.
Məlumdu ki, UEFA Region Kubokunun 2022/2023-cü illər mövsümünün ilkin mərhələsinin oyunları 23-29 iyun tarixlərində Azərbaycanda keçiriləcək. Ölkəmizi bu turnirdə təmsil edəcək Region Liqasının son qalibi "Cəbrayıl" ilkin mərhələnin 2-ci qrupunda Belarus komandası ilə qarşılaşacaq. İlkin mərhələnin 1-ci qrupunda isə Gürcüstan, Qazaxıstan və Estoniya təmsilçiləri mübarizə aparacaq. Qrup qalibləri finalda növbəti mərhələyə vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq və qalib komanda əsas mərhələdə Türkiyə, Portuqaliya, Finlandiya komandasına rəqib olacaq.
Hacıyev matçları qəbul edəcək stadionlarımızın artıq dəqiqləşdiyini vurğulayıb: "Bunlar Şamaxı şəhər stadionu və "ASK Arena"dı. Təmsilçimiz "Cəbrayıl" Belarus komandasına qarşı hər iki oyunununu Şamaxıda keçirəcək. Digər 3 yığmanın matçları "ASK Arena"da təşkil olunacaq. Bildiyiniz kimi, hər qrupdan qalibləri finala vəsiqə qazanır və onların görüşü Şamaxıya planlaşdırılır".
Bu yerdə bildirək ki, AFFA-nın keçirdiyi Region Liqasının yarımfinal matçları "ASK Arena"da, final və 3-cü yer uğrunda görüşlər Şamaxıda keçirilmişdi.
Qeyd edək ki, UEFA Region Kubokunun 2020/21-ci illər mövsümü COVID-19 pandemiyası səbəbindən təxirə salınmışdı.
MEHMAN SÜLEYMANOV