AFFA və Azərbaycan Texniki Universitetin (AzTU) birgə təşkilatçılığı ilə UEFA-nın "Hat-Trick" proqramı çərçivəsində AzTU-nun fakültələri arasında keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş minifutbol turnirinə yekun vurulub. Sport24.az xəbər verir ki, "Sportster" minifutbol meydançalarında III yer uğrunda keçirilən qarşılaşmada İnformasiya Texnologiyaları və Telekommunikasiya fakültəsinin komandası Nəqliyyat və Logistika fakültəsinin komandasını 5:4 hesabı ilə məğlub edərək, bürünc mükafata yiyələnib.

 

Final görüşündə isə Metallurgiya və Kimya Texnologiyaları fakültəsinin komandası İqtisadiyyat və İdarəetmə fakültəsinin komandasını 5:1 hesabı ilə məğlub edərək, turnirin qalibi olub.

 

Yarışda qalib komanda AFFA tərəfindən kubokla, ilk 3 yeri tutanlar isə müvafiq medallarla təltif ediliblər. Turnirdə İqtisadiyyat və İdarəetmə komandasının oyunçusu Seymur Hacıyevə "Ən yaxşı oyunçu", Metallurgiya və Kimya Texnologiyaları komandasının oyunçusu Fərid Mikayılova isə "Ən yaxşı qapıçı" nominasiyası üzrə mükafatlar təqdim olunub.

 

Qalib komandaya kuboku AFFA-nın Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov və AzTU-nun maliyyə və təsərrüfat işləri üzrə prorektoru Rəşad Əliyev birlikdə təqdim ediblər.