Bu gün Azərbaycan klubları ilk dəfə təşkil olunan UEFA Konfrans Liqasında debüt edir. Tarixi görüşün iştirakçısı ölkə çempionatının bürünc mükafatçısı “Sumqayıt”dır. Sabah isə mövsümü gümüş medalla bitirmiş “Qarabağ” və Azərbaycan Kubokunun sahibi “Keşlə” sözügedən klub turnirində ilk oyunlarını keçirəcək.

“SUMQAYIT” tarixində ikinci dəfə avrokuboklarda iştirak edir. Ötən mövsüm UEFA Avropa Liqasında Şimali Makedoniyanın “Şkendiya” klubu ilə qarşılaşan təmsilçimiz öz meydanında 0:2 hesabı ilə uduzaraq mübarizəni erkən dayandırmışdı. Pandemiya səbəbindən qalibin 1 oyunda müəyyənləşdiyini də vurğulayaq. Sumqayıtlıların bugünkü rəqibi isə Serbiyanın “Çukariçki” komandasıdır. Adıçəkilən ölkənin klubları ilə təmsilçilərimizin indiyəqədərki 12 qarşılaşmasının 3-ü qalibiyyət, 4-ü bərabərlik, 5-i isə məğlubiyyətlə yekunlaşıb. Top fərqində cüzi üstünlüyümüz var – 13-12. Yeri gəlmişkən, 2015/2016-cı il mövsümündə Avropa Liqasında çıxış edən “Qəbələ” futbolçuları “Çukariçki” ilə qarşılaşıb və mərhələ adlayan tərəf olublar – səfərdə 0:1, evdə 2:0.

“KEŞLƏ” ölkə kubokunun qalibi kimi Rusiyada “Soçi” ilə görüşəcək. Qitə turnirlərində əvvəllər “Xəzər Universiteti” və “İnter” adı ilə çıxış etmiş təmsilçimiz “Sumqayıt”la müqayisədə xeyli təcrübəlidir. Qitə klub turnirlərində 37oyun keçirmiş “Keşlə”nin hesabında 16 qələbə 10 məğlubiyyət var, 11 qarşılaşmada isə bərabərlik qeydə alınıb, topların nisbəti 46-38. Paytaxt klubu bunadək 16 ölkənin təmsilçiləri ilə üz-üzə gəlib, amma onların arasında Rusiya komandası olmayıb. Ümumilikdə futbolçularımız klub turnirlərində şimal qonşularımızla 8 dəfə qarşılaşıb və rəqəmli yekun belədir – 2 qələbə, 1 heç-heçə, 5 məğlubiyyət, topların nisbəti 5-9. Ruslar üzərində hər iki qalibiyyəti “Neftçi” əldə edib: paytaxt klubu 2019/2020 mövsümündə Avropa Liqasının təsnifat mərhələsində Tula “Arsenal”ını səfərdə 1:0, Bakıda isə 3:0 məğlub edib.

“QARABAĞ” avrokuboklarda ən çox oyun keçirən klubumuzdur. Yeni turnirin debütündə İsrailin “Aşdod” futbolçuları ilə görüş onlar üçün qitə turnirlərində 129-cu matçdır. Bunadək 44 qələbə qazanan komanda 33 görüşdə heç-heçə edib, 51 matçda uduzub. 131 qol vurub, qapısında 164 qol görən “köhlən atlar” İsrail klubları ilə 4 dəfə qarşılaşıb – 1 qələbə, 1 bərabərlik, 2 məğlubiyyət, top fərqi 3-4. İsrail təmsilçiləri Azərbaycan klublarının ən çox qarşılaşdığı rəqiblər sırasındadır: futbolçularımız onlarla 14 dəfə üz-üzə gəlib və bu göstərici Sloveniya ilə də 14, Gürcüstanla 18, Moldova ilə 21, Polşa ilə 25-dir. İsrail təmsilçiləri ilə görüşlərdə komandalarımız cəmi 1 dəfə üstün olub, 4 görüşü heç-heçə başa çatdırıb, 9 oyunda uduzub, topların nisbəti 9-31. Yeganə qalibiyyəti 1999/2000-ci il mövsümündə indi mövcud olmayan İntertoto Kubokunda “Qarabağ”ın Hayfa “Makkabi”si üzərində səfərdə əldə etdiyini (2:1) də vurğulayaq.

P.S. Bu gün “Neftçi” klub turnirlərinin tacı sayılan UEFA Çempionlar Liqasında növbəti oyununa çıxacaq – bakılılar Yunanıstanda “Olimpiakos”la qarşılaşır. Bu, nüfuzlu yarışda Azərbaycan klublarının 84-cü, “ağ-qaralar”ın 21-ci oyunudur. “Neftçi” fərqlənə bilərsə, avrokuboklarda vurduğu qolların sayını 80-ə çatdıracaq. İndiyədək Yunanıstan klubları ilə 10 dəfə üz-üzə gəlmişik (2 qələbə, 6 bərabərlik, 2 məğlubiyyət, top 8-7). Qələbələrin hər ikisi “Qarabağ”ın hesabındadır – Ağdam təmsilçisi 2016/2017 mövsümündə Avropa Liqasının qrupunda PAOK-u həm öz meydanında (2:0), həm də səfərdə (1:0) məğlub edib. “Neftçi” ilk dəfə yunan klubu ilə görüşür və bununla avrokuboklarda qarşılaşdığı ölkələrin sayı 25-ə yüksələcək.

Beləliklə, bu gün və sabah keçirəcəyimiz 4 görüşlə Azərbaycan klublarının avrokuboklarda ümumi oyun sayı 370 olacaq. Uğurlu çıxış sayəsində qalibiyyət sayı 110-a, vurulan qolların sayı isə 360-a çata bilər. Bundan ötrü 2 qələbəyə və 4 qola ehtiyacımız var.

 

RÖVŞƏN BİNNƏTLİ