"Neftçi" cari çempionatda ardıcıl 3-cü qələbəni qazanaraq fasiləyə turnir cədvəlində 2-ci pilləyə yüksələrək yollandı. Samir Abasovun komandasının belə uğurlu çıxışında braziliyalı yay transferlərinin rolu böyükdü. Belə ki, artıq Ramon Maçado da 2 qol vurub,  digər hücumçu Tyaqo Bezerra da. Sonuncu "ağ-qaralar"ın cari mövsümdə ilk dublunun müəllfi kimi tarixə düşdü. Artıq 34 yaşı olan, Türkiyədə çıxış etdiyindən türk dilində danışa bilən (özü də çox yaxşı) Tyaqo Sport24.az-ın suallarını cavablandırdı.

- Ardıcıl 3 matçdı qələbələri sıraladığınızdan, bu uzun fasilə nə dərəcədə yerinə düşdü? Komandanı oyun ritmindən aşağı salmayacaq, yoxsa sənə yeni futbolçu kimi adapatsiya baxımından belə fasilələr daha yaxşı olur?

- Təbii ki, fasilə heç bir zaman yaxşı deyil. Çünki bütün futbolçular oynamaq istəyir. Onsuz da matç sayı azdı və xüsusilə ardıcıl 3 qalibiyyətimizdən sonra. Ancaq pauzanın yaxşı tərəfləri də var ki, əskikləri aradan qaldırırıq, zədəlilərimiz sağalır, bir az da dincəlirik. Bütün bunlara vaxtımız oldu. Bir sözlə, gözəl bir zamanda rahat çalışdıq. Təbii ki, milli komandalara gedən futbolçularımız var. Onlar fasilənin böyük hissəsini bizimlə olmadıqlarına görə heyətimizdə əskiklər vardı. Həftə də bitir və indi bütün diqqətimizi qarşıdakı matça yönətlmişik. Artıq oyun saatını səbirsizliklə gözləyirik.

- Elə matçdan - Sumqayıt səfərindən gözləntiləriniz nədi?

- Səfər matçı olduğu üçün ağırdı. Xüsusilə bizim klubda çalışanlar bunu bizlərə anlatır ki, hər zaman orda belə olur. Onsuz da rəqib meydanında qarşılaşma adətən çətindi. Biz də bu ağır sınağa hazırıq. Təbii ki, hər bir rəqibə hörmətlə yanaşırıq. Amma yaxşı hazırlaşdıq və Sumqayıta 3 xal üçün gedəcəyik. 

- "Neftçi"yə tam adaptasiya olduğunu deyə bilərikmi? 

 - Komandada uyğunlaşmağa heç problem yaşamadım. Türk dilini də bildiyim üçün ünsiyyət baxımından burda asan oldu mənə. Burda əcnəbilərlə də dil baxımından problemim yoxdu - portuqalca, ingiliscə, fransızca danışırlar. Mən də onlarla bu dillərdə söhbətləşirəm. Bu üzdən "Neftçi"yə alışmaq mənə asan oldu. Həm də hər gün bir yerdə olursan, məşqə çxırsan və beləcə tez uyğunlaşırsan yeni komandana. O üzdən mən də bir problem yaşamadım burda adaptasiyaya.  

- Baş məşqçiniz Samir Abasov necə bir mütəxəssisdi? Onu əvvəlki baş məşqçilərindən necə fərqləndirərdin?

- Bunadək Azərbaycanda məşqçilik karyerası olub, "Neftçi"yə gəlib, onu çempion edib. İlk dəfə çalışıram Abasovla, bir problem yaşamıram - həm ünsiyyət, həm də məşqlərdə çalışmaq baxımından. Hər bir məşqçinin öz futbol fəlsəfəsi, taktiki sistemləri var. Bizim də bir futbolçu olaraq buna uyğunlaşmağımız, onların rəhbərliyi altında yaxşı çalışmağımız lazımdı. Təbii ki, ən son nöqtə meydanda oyunumuzdu. 

- Çempionatımızın səviyyəsinə necə qiymət verərdin? Səncə. "Neftçi" bu mövsüm titulunu qorumaq gücündədirmi? "Qarabağ"ı da iş başında görmüsən, onu üstələyə bilərmi çempionluq marafonunda?

- Təbii ki, "Neftçi" hər zaman çempionluğa oynayan bir komandadı. Bu mövsüm də fərqli olmayacaq. Əlbəttə, digər komandalara hörmətlə yanaşacağıq. Amma futbol meydanın içində oynanılır. Biz də bu matçların vacib olduğunu bilirik. Xüsusilə də yuxarı gedən komandalarla görüşlər çox önəmli olur. Ancaq istənilən halda, hər oyun əhəmiyyətlidi. Asan dediyiniz matçlar təbii ki, asan olmur. Futbolda artıq asan matç yoxdu. Çünki dəyişikliklər olub qüvvələr nisbətində və bütün komandalar eyni oynayır futbolu artıq  Bu üzdən hər matça ciddi önəm verməli, tam konsentrasiya olmağımız lazımdı. Rəqibə hörmət etsək də, onu yenməyimiz gərəkdi. Buna əsasən yavaş-yavaş çempionluq hədəfinə gedə bilərik.

- 34 yaşın olsa da, meydana çox aktivsisən, çox işləyirsən. Üzü qapıya oynayan hücumçusan, mübarizələrdən çəkinmirsən. Bu gücü, enerjini hardan alırsan? Nə qədər özünü göstərə bilirsən Premyer Liqamızda?

- 34 yaşı bəlkə bir çox insan yaşlı görə bilir. Amma artıq beynimizdə bu fikirləri dəyişdirməyimiz lazımdı. Bir çox oyunçular 35-36 yaşında rahat oynayır. Böyük ulduzları misal gətirə bilərik. Ronaldo ilə Messi başqa bir dünyada futbol oynayırlar (gülür). Onlar çox güclü futbolçulardı. Ancaq tanıdığımız Ze Roberto var ki, neçə yaşınadək oynadı. Braziliyada çıxış edən mərkəz hücumçuları Fred, Karlo Oliveyra nümunələri var. 34-35 yaşında oynayan bir çox futbolçuların adlarını saya bilərik. Mənim üçün önəmli olan karyerasına fikri verən oyunçudu. Təbii ki, futbol çox önəmli bir işdi. Amma həyatımız təkcə ondan ibarət deyil. Futbolun kənarında bir ailəmiz, həyat yoldaşımız, övladlarımız var. Onlara nə qədər yaxşı baxırıqsa, həyatımızı nə qədər düz qururuqsa, Allah oynamaq, yaşamaq üçün bir o qədər güc verir. Buna inanıram. Özümə çox da yaxşı baxan deyıləm. Ancaq intizamlıyam yuxuya, yeməyə qarşı. Buna də diqqət göstərməyimiz lazımdı. Vücuduna fikir verməlisən ki, bu yaşda hazır olasan. Mən də buna çalışıram, daxildən aldığım enerjini meydanda qoymaq, komandama kömək etmək istəyirəm. Ümid edirəm ki, bu, məndə alınar.

- Qol hesabını dublla açdın. Bunu gözləyirdinmi? Özü də "Neftçi" bu mövsümdə dubl edən ilk futbolçu omağın sənin üçün nə dərəcədə önəmlidi?

- Bir hücumçu oaraq hər zaman qol vurmağa çalışacam. İki qol vurmaq mənim üçün gözəl bir şeydi. Ancaq önəmlisi qalibiyyətin gəlməyidi. Nə 1, 2, 3 qol - əsas 3 xaldı, əsas bunu qazandıran qollardı. Ümid edirəm ki, belə davam edər çıxışım, çox qollar ataram. Daha çox isə bunların bizə xal, komandamı əın yuxarı yerlərə gətirməsini istəyirəm. Təbii ki, çox qol vurduğumzda komandama kömək edəcəyik nəticə qazanmaqda. 

- Premyer Liqamızın bombardiri olmağı düşünürsənmi? Qarşına belə məqsəd qoymusanmı?

- Qol vurmağı təbii ki, hər zaman istərəm. Forvard oynadığım zamanı bu, ilk növbədə vacib olur. Amma hazırda ilk hədəfim bu komandayla çempion olmaqdı. Əlbəttə, hücumçuyuqsa, qol imza atmağım lazımdı və bunu bilirik. Amma daha önəmlisi komandanın nəticə qazanması üçün görməli olduğumuz işlərdi meydanda. "Neftçi"yə fiziki, həm də taktiki planda köməyimi göstərmək istəyirəm. "Qol kralı" olsam, təbii ki, super olardı. Amma çempion olsaq, daha gözəl olardı "Neftçi" üçün. Tarix də yaza bilərik bununla. O üzdən ilk hədəfim çempionluq qazanmaqdı. 

- Dubla imza atdığın "Səbail"lə səfər matçında Sezar Meza Kolliylə qolu necə qeyd etməyin kadrlara düşdü...

- Anlamı bu oldu ki, o adam çox yaxşı ötürmə vermişdi mənə. Qol vurmağın üçün yaxşı assist edənlərin ayaqqabılarını silirik. Buna "təmiz ayaq" deyirik - anlamı belədi. Qoluna assist edənlərə belə çox təşəkkürümüzü çatdırırıq.

- Bəs, dublla bağlı təbriklərini çatdıran oldumu sənə Braziliyadan, Türkiyədən? 

- Çox oldu. Keçmiş komanda yoldaşlarımdan təbriklər aldım. Bunlar Türkiyə, Braziliya ilə yanaşı, Qətərdə var. Müasir dövrdə hər yerdə görürlər sənin qolunu. Həm 2 qol atmağımla qalib gəlidk, həm də turnir cədvəlində artıq 2-ci yerdəyik. Bu da çox gözəl bir şeydi. Hər kəs bundan məmnun və xoşbəxt olur.

- Hücumda tərəfdaşın həmyerlin Roman Maçadodu. Hansı ki onun da hesabında 2 qol var. Daha bir braziliyalının komandada, səninlə birgə meydanda olması sənə dərəcədə üstünlük verir? Ancaq onu da unutmayaq ki. əsas heyətə düşmək uğrunda da rəqibindi...

- Ramon çox yaxşı, çox səviyyəli bir futbolçudu. Onsuz da bizə yardımı dəyir və bunu hələ çox görəcəyik. Məşqlərdə çox çalışır, yaxşı da insandı. Bir sözlə, əsl peşəkardı. İkimiz də braziliyalıyıq və bir komandada eyni dildə danışmaq inanın ki, hər ikimiz üçün çox yaxşı bir şeydi. Hər zaman istərik ki, daha çox braziliyalı futbolçu burda olsun. Ona görə ki, onlar futbolda düşüncələri dəyişdirir, çox peşəkardırlar. O üzdən Ramon mənə sadəcə, çox yaxşı şeylər verir. Təbii ki, o da mənim kimi mərkəz hücumçusudu. Ancaq rəqib gözüylə baxmıram həmyerlimə, rəqib olduğunu düşünmürəm. Eyni komandada çıxış edirik, daha da əvvəl də eyni zamanda birgə oynadıq. Bərabər çıxış edə bilirik hücumda, bu zaman bir problemin olduğunu düşünmürəm. Maçado da çox köməyini göstərir meydanda hərəkətləriylə, fiziki cəhətdən mübarizəyə girir, çox qaçır, rəqib müdafiəsini yormağa çalışır. Bu işləri birgə görürük. Yəni, heç bir problem yoxdu bir yerdə meydanda olmağımızda. Onunla eyni komandanın üzvü olduğuma görə də çox xoşbəxtəm. İnanın ki, çox gözəl şeylər olacaq. 
- Ailən də artıq yanındadı. Onlar yeni ölkədə necə hiss edirlər?İnsanlarımız, mətbəxiniz necədi? Türkiyə ilə Azərbaycan iki qardaş ölkədi, oxşarıqlıqları çoxdu. Bəs, hansısa bir fərqi müşahidə etmisiniz?

- Təbii ki, yeni ölkədə hər zaman çətinliklər var. Çünki yeni şeylərlə qarşılaşırsan. Ancaq burda özümüzü sanki evimizdəki kimi hiss ediirik. Ona görə ki, daha öncə Türkiyədə yaşadığımızdan burda çox asandı bizim üçün. Anlaşırıq, rahatıq. Əslində, ailəm də şəhəri çox gəzməmiş, bir-iki yerə baş çəkib. Azərbaycan da Türkiyəyə çox bənzədiyindən indiyədək heç bir problem yaşamadıq, olacağını da düşünmürən. Çox xoşbəxtik, insanlarınız da Türkiyədəkilərə çox oxşayır - istiqanlıdılar, adamlara yardım etməyi sevirlər. 

 

 

MEHMAN SÜLEYMANOV