Cari çempionatda XII tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun "ƏNLƏR"i rubrikasıyla yenidən görüşünüzə gələrək, bu dəfə son turun "simvolik yığması"nı təqdim edir.
"Simvolik yığma"
Qapıçı: Tiaqo Silva ("Zirə", 2)
Müdafiəçilər: Yusif Nəbiyev ("Səbail", 2) - Elvin Bədəlov ("Sumqayıt") - Rövlan Muradov ("Sumqayıt", 3)
Yarımmüdafiəçilər: Rəhman Hacıyev ("Neftçi", 2) - Dieqo Valdez ("Neftçi") - Yassin Benzia ("Qarabağ") - Roi Kehat ("Sumqayıt", 2) - Rüfət Abdullazadə ("Səbail", 2)
Hücumçu: Rüstəm Əhmədzadə ("Zirə", 2) - Aleksandr Ramalinqom ("Səbail", 3)
Turun BAŞ MƏŞQÇİsi - Şahin Diniyev ("Səbail", 4)
"Səbail" cari çempionatın bəlkə də ən xarakterli komandasıdı. Hər halda, əzmkar qələbələr bunun göstəricisidi. Son turda isə "dənizçilər" ilk hissədə çətin anlar yaşadı. Belə ki, əvvəlcə qapıçı Səlahət Ağayevin kobud səhvinə görə komanda hesabda geri düşdü, iki futbolçusu zədəyə görə əvəzləndi. Xüsusilə kapitan Ağabala Ramazanaovun rəqiblə toqquşmadan sonra huşunu itirərək ambulansla birbaşa klikinaya aparılması komanda üçün bir şok idi. Bu vəziyyətdən komandanı çıxarmaq isə Diniyevin əsas vəzifəsi idi. Burda təcrübə öz sözünü dedi və "Səbail"in 57 yaşlı çalışdırıcısı 15 dəqiqəlik fasilədə futbolçuları ilk növbədə sakitləşdirdi. Yekunda "Səbail" ikinci hissəyə elə çıxdı ki, sanki sadaladığımız problemlər rəqibdə olub. "Dənizçilər" qələbə topuna imza atan bombardiri Aleksandr Ramalinqon zədələnəndən sonra isə əvəzləmə limiti bitdiyinə görə matçı azlıqda başa vurmalı olduş Bu zaman baş məşqçinin kənardan lazım göstərişləri sayəsində də duruş gətirən "Səbail" növbəti 2:1 hesablı əzmkar qələbəni qazandı.
Turun QƏHRƏMANı - Rüstəm Əhmədzadə ("Zirə")
Cari mövsümdə yaxşı təsir bağışlayan bu hücumçu qollarını da sıralayır Son turda isə Rüstəm Əhmədzadə komandasına hava-su kimi lazım olan qələbəni qazandırdı. Gənc hücumçu sürətli reydi, epizodu yaxşı dəyərləndirməsi nəticəsində uzatma dəqiqələrində qələbə topuna imza atdı. Əzmkarlıq göstərən Rüstəm "Zirə"yə zirvədəki yerini qaytardı.
Turun ANTİQƏHRƏMANı - Emmanuel Apeh ("Sabah")
Bu nigeriyalı hücumçu fasiləyə az qalmış bir neçə saniyə içində 2 sarı vərəqə almaqla meydandan çıxarıldı və nəticədə komandası bir hissə azlıqda oynamalı oldu. Təbii ki, qırmızı vərəqə almaq futbolçunun aktivinə yazılası bir iş deyil. Amma baş hakim Tural Qurbanovun Apehə göstərdiyi sarı vərəqə ona görə legionerin hiddətinə səbəb oldu ki, az öncə özünə qarşı analoji qayda pozuntusu olanda, referi nəinki sarı vərəqə göstərmədi, heç qayda pozuntusunu da qeydə almadı. Buna görə əsəbiləşən Emmanuel topa yerə çırparaq hirsini çıxardı. Peşəkar hakim isə belə vəziyyətlərdə konkret epizodun nəbzini tutmağı bacarmalıdı. Emmanuelə artıq "sarı" göstərilmişdisə, 2-cini verməyin yeri yox idi.
Turun KOMANDAsı - "Sumqayıt"
Bu komanda son turda diqqətləri özünə cəlb etdi. Belə ki, "Sumqayıt" ardıcıl 3-cü ev matçından qalib ayrıldı. Burda əsas söhbət bu qələbənin "Araz-Naxçıvan" üzərində qazanılmasından gedir. Axı, bu komanda əvvəlki turda son çempion "Qarabağ" üzərində qələbə qazanmışdı. Amma Muxtar Respublika təmsilçisi Sumqayıtdan xalsız yola salındı. Özü də sumqayıtlılar yaxşı oyunla layiqli qələbə qazandı.
Turun SENSASİYAsı - "Qarabağ" - "Kəpəz" - 7:1
Burda söhbət qələbədən yox, hesabdan gedir. Hər halda, belə böyük hesab cari çempionatda qeydə alınmamışdı. Özü də unutmayaq ki, həmin "Kəpəz "Qarabağ"dan ilk dövrədə səfərdə xal almışdı - 1:1. Bundan əlavə, ağdamlılar Avroliqanın da nəzərə alsaq, son 3 matçda qələbə qazanmamışdı. Bununla belə, "süvarilər" artıq fasiləyədək darmadağına imza ata bildi.
Turun SİTATı - Azər Məmmədov ("Kəpəz", 3)
Bu nominasiyada məhz bu ağır zərbəni alan adıçəkilən baş məşqçini seçdik. Belə ki, "Kəpəz"in istefa verərək gedən, artıq sabiq baş məşqçisi olan Azər Məmmədov "Qarabağ"la Tofiq Bəhramov adına Respublika stadionundakı görüşdə son 25 dəqiqədə ehtiyat skamyada əyləşməsiylə bağlı söylədiyi ifadə diqqət çəkib: "Heç kim görməsin ki, məğlubiyyətə görə əyilirəm".