Azərbaycan Premyer Liqasında 2021/22 mövsümündə III tur arxada qaldı. Sport24.az hələ 2017/18 mövsümünün ilk turundan başladığı Turun “ƏNLƏR”i rubrikasıyla yenidən görüşünüzə gələrək, son turun "simvolik yığması"nı təqdim edir.
"Simvolik yığma"
Qapıçı: Nicat Mehbalıyev ("Qəbələ")
Müdafiəçilər: Təmkin Xəlilzadə ("Zirə") - Ruan Renato ("Qəbələ") - Yurgen Qoxa ("Səbail", 2) - Cabir Əmirli ("Səbail")
Yarımmüdafiəçilər: Abdullah Zubir ("Qarabağ") - İsmayıl İbrahimli ("Qarabağ") - Emin Mahmudov ("Neftçi") - Yaovi Akakpo ("Qəbələ", 2)
Hücumçular: İbrahima Vadji ("Qarabağ") - Davit Volkov ("Zirə")
Turun BAŞ MƏŞQÇİsi - Qurban Qurbanov ("Qarabağ")
Çempionluq uğrunda əsas rəqibində derbi öncəsi demək olar "11-lik" milli komandalara yollandığından hazırlıqdan kənarda qalsın. Bu, hər bir baş məşqçi üçün problem olsa da, Qurban Qurbanov bu çətinliyindən öhdəsindən məharətlə gəldi. Millidən zədəli gələn futbolçuları da olsa, "Qarabağ"ın təcrübəli çalışdırıcısı komandanı "Neftçi"ylə matça maksimum yaxşı hazırlaya da bildi, maksimum xal da götürə. Qurbanov son transferi olan hücumçu İbraahima Vadjini ilk dəfə start heyətində meydana buraxdı. Bu da matçın taleyini həll etdi. Belə ki, "Qarabağ" 2:1 hesablı qələbəni seneqallı forvardının dubluyla qazandı.
Turun QƏHRƏMANı - İbrahima Vadji ("Qarabağ")
Elə qəhrəmanımız da məhz Vadjidi. Düzdür, onun kimi "Zirə"dəki həmkarı Davit Volkov da bu turda dubluyla komandasına qələbə qazandırdı. Ancaq hər halda, İbrahima mərkəzi matçda - "Neftçi"ylə derbidə fərqlənib, son çempionu ilk məğlubiyyətlə barışdırıb.
Turun ANTİQƏHRƏMANı - Anatoli Abanq ("Keşlə")
"Keşlə"nin bu kamerunlu hücumçusu bundan əvvəlki turda Qəbələdə çox baxımlı qolla yadda qalmışdısa, bu dəfə antiqəhrəman oldu. Belə ki, onun 28-ci dəqiqədə yersiz hərəkəti - rəqibini bilərəkdən vurması birbaşa qırmızı vərəqəylə nəticələndi. Nəticə komandası matçın yarıdan çoxunu azlıqda oynamalı olaraq 0:2 hesabıyla uduzduğu matçı hər 2 qolu da 10 nəfərlə buraxdı.
Turun KOMANDAsı - "Səbail"
Yeni mövsümdə ilk ev matçında liderlə görüşməli olasan və bu çətin sınaqdan üzüağ çıxasan. Buna "Səbail" "Sumqayıt"la matçda nail oldu. Qonaqlar buraxdığı yeganə qolla həm ilk dəfə qapısında top gördü, həm də ilk dəfə xalsız qaldı.
Turun HAKİMi - Rəşad Əhmədov ("Neftçi" - "Qarabağ" - 1:2)
Bu gənc ədalət təmsilçiis ardıcıl 2-ci dəfə turun ən yaxşı hakimi seçilməklə bu nominasiyada liderliyi ələ keçirdi. Onu da xüsusi vurğulayaq ki, Rəşad Əhmədov Qəbələdən sonra Bakıda daha çətin işin - turun yox. dövrənin mərkəzi matçının öhdəsindən gəldi. Mingəçevirli referi "Bakcell Arena"dakı Azərbaycan derbisində nəticəyə təsir göstərən səhvə yol verməyərək qətiyyətli hakimlik etdi.
Turun SENSASİYASI - "Səbail" - "Sumqayıt" - 1:0
Əsas sensasiya məhz liderin məğlubiyyəti oldu. "Sumqayıt"ın Bayılda qələbəsini çoxları proqnozlaşdırdığı halda, hətta heç-heçə də edə bilmədi. "Səbail" rəqibin ani diqqətsiliyindən istifadə edərək hesabı açdı və üstünlüyünü sonadək qoruya bildi.
Turun SİTATı - Samir Abasov ("Neftçi")
Samir Abasovun "Qarabağ"la matçda onu istefaya səsləyən rəqibin azarkeşləri - "İmarət" fan-klubuyla qarşıdurması oldu. "Neftçi"nin 43 yaşlı çalışdırıcısı görüşdən sonra mətbuat konfransında buna toxunaraq, qarşı tərəfə verdiyi cavabın ağır olduğunu, bunu mətbuata deyə bilməyəcəyini vurğulayıb. Abasov "Qarabağ"ın fanlarının belə etməsinin onun üçün yaxşı olduğunu bildirdi, hətta onlara təşəkkürünü çatdırdı: "Samir 7 il sonra gəldi, onların əlindən çempionluğu aldı. Əlbəttə, onlar üçün Samirin getməyi yaxşıdır".
Turun ən gənci və "qoca"sı
Yeni mövsümdən əlavə etdiyimiz bu nominasiya futbolçulara yox, komandalara aiddi. Hər turda ən gənc və ən "qoca" komandaları da sizə təqdim edəcəyik. Beləliklə, orta yaş həddinə görə IIl turun ən gənci "Sumqayıt" (25,45) oldusa, ən yaşlısı "Keşlə" idi - .28,36.