Premyer Liqada VIII tur arxada qaldı. Sport24.az turun maraqlı məqamlarından ibarət "Top-5"i təqdim edir. 

 

Hələ belə şey olmamışdı

Cari mövsüm ilk dəfə idi ki, birdən-birə 3 oyunda 1 və daha az qol vuruldu. Bu, liderin matçında və Qərb derbisindəki görüşlərdə qeydə alındı. Belə ki, 1-ci pillədə gedən "Zirə" səfərdə "Araz-Naxçıvan"a, "Kəpəz"lə "Turan Tovuz" isə evdə müvafiq olaraq "Neftçi"ylə "Qəbələ"yə minimal hesabla uduzdu. Bunadək I, V və VI turlarda 1 qolun vurulduğu 2 matç olmuşdu. 

 

"Qol oruculuğu" pozulmur ki pozulmur

"Sumqayıt"ın "qol orucluğu" 387 dəqiqəyə çatdı. Belə ki, Samir Abasovun komandası ardıcıl 4 turdu rəqib qapısına yol tapa bilmir. Bu görüşlərdə yalnız 1 xal aktivinə yazan "gənclik şəhəri" təmsilçisi son dəfə IV turda "Araz-Naxçıvan"la səfər matçında qol sevinci yaşayıb. O da penaltidən. Belə ki, 63-cü dəqiqədə Rövlan Muradov 11 metrlik zərbəsiylə matçda hesabı açıb. Sumqayıtların 8 tura 7 qol vurduğunu da vurğulayaq.

 

Yeni rekordçu

"Səbail" məğlubiyyətsiz oyunlar seriyasını 5-ə çatdırdı. Şahin Diniyevin komandası son turda evdə "Sabah"la 2:2 hesablı heç-heçə etdi. 

Halbuki, 3 xal olsaydı, bu, ardıcıl 5 oyunluq qələbə seriyası və cari çempionatın yeni rekordu demək olacaqdı. Çünki bunadək "Zirə" ilk 4 turda qələbələri sıralamaqla rekordçu idi. Amma Rəşad Sadıqovun komandası V turda uduzduğundan (səfərdə "Qəbələ"yə 0:1), "Səbail" hazırkı məğlubiyyətsiz oyunlar seriyası ilə ondan üstün oldu.

 

Murad Musayevlə ən pis dönəm

"Sabah"ın qələbəsiz oyunlar seriyası 7-yə çatdı. Belə ki, Murad Musayevin komandası ilk turda "Qəbələ"ni evdə darmadağın edəndən (5:0) sonra qələbə nə olduğu bilmir. Rusiyalı mütəxəssis 3-cü mövsümdü Premyer Liqamızın iştirakçısıdı və bunadək ən uzun qələbəsiz seriyası klubun tarixindəki ən uğurlu mövsüm olan keçən sezonda olub. Bu, XXII, XXIII və XXIV turlarda qeydə alınıb - "Qarabağ"la səfərdə 1:1, "Turan Tovuz"a evdə 0:2, "Şamaxı"ya səfərdə 1:2.

Göründüyü kimi, Murad Musayevin ən uğurlu baş məşqçisi olduğu "Sabah"da ən pis göstəriciyə imza atıb. "Yeddi oğul istərəm" kinofilmində demişkən: "7 oldular, bəy"

2018/19 mövsümündən Premyer Liqa iştirakçısı olan "Sabah"ın bunadək 3 müxtəlif vaxtda ən uzun qələbəsiz seriyasının məhz 7 matçdan ibarət olması maraq doğurur. Bu, son dəfə Musayevin gəlişinədək olmuşdu. Onda - 2021/22 mövsümünə Ramin Quliyevin baş məşqçiliyi altında başlayan Masazır təmsilçisinin 7 turdan ibarət ilk dövrədə qələbəsi olmadı, cəmi 1 xal toplaya bildi. Quliyev istefaya göndəriləndən sonra 2 matçda baş məşqçi əvəzi olan idman direktoru İqor Ponomaryov "siftə"sindəcə qələbə həsrətini bitirdi - evdə "Sumqayıt"la 3:0. 

 

Son pillənin yeni sahibi

Premyer Liqada son pillənin sakini dəyişdi. Belə ki, "Qəbələ" nəhayət, turnir cədvəlində sonuncu - 10-cu pillədən canını qurtardı. Maraqlıdı ki, Elmar Baxşıyevin komandası turnir cədvəlində qonşusu "Kəpəz"i onu meydanında məğlub etməklə (1:0) son pilləyə göndərdi.

Gəncə klubu axırıncı dəfə sonuncu pillədə keçən mövsümdə məhz ilk dövrədə olmuşdu. Onda komanda məğlubiyyətləri sıralayaraq ümumiyyətlə, xal qazana bilmirdi və baş məşqçisi Yaşar Vahabzadəylə yollarını ayırdı. Yeni gələn baş məşqçi Tərlan Əhmədov bir müddət sonra "Kəpəz"i sonuncu pillədən qurtara bildi.