Azərbaycan Premyer Liqasında XIV tur maraqlı məqamlarla yadda qaldı. Sport24.az onlar arasında "Top-5"i təqdim edir.
"Qarabağ" nəhayət, zirvədə
Cari çempionatda lider dəyişikliyi baş verdi. Belə ki, son çempion "Qarabağ" nəhayət, zirvədə qərarlaşdı. Bu, son turda ağdamlıların qələbəsindən ("Sabah"ı səfərdə 2:1) və bunadək turnir cədvəlinə başçılıq etmiş "Zirə"nin xal itkisindən ("Sumqayıt"la səfərdə 0:0) sonra reallaşdı. İndi "süvarilər" "qartallar"ı 1 xal qabaqlayaraq vahid liderdi.
Juninyo 2 aydan sonra dayandı
Məlumdu ki, cari çempionatda bombardirlər yarışına "Qarabağ"ın braziliyalı hücumçusu Olavio Juninyo 10 qolla başçılıq edir. Bu forvardın 2 aydı davam edən uğurlu seriyası qırıldı. Belə ki, Juninyo Premyer Liqada VIII turdan bu yana qollarını sıralayırdı. Forvard "Sabah"la son matçadək (səfərdə 2:1) 6 turda 7 dəfə fərqlənmişdi.
Olavio son olaraq VII turda "Qəbələ"ylə səfər görüşündə (2:1) rəqib qapısına yol tapa bilməmişdi. İndi də ağdamlıları növbəti turda həmin rəqiblə, bu dəfə evdə görüş gözləyir.
Onu da bildirək ki, 1992-ci ildən keçirilən Azərbaycan milli çempionatları tarixində ardıcıl qol seriyasında mütləq rekord Yunis Hüseynova məxsusdu. Belə ki, ilk müstəqil çempionatda - 1992-ci il mövsümündə ardıcıl 12 matçda qol vuran Hüseynovun "Neftçi"nin heyətində Sumqayıt "Xəzər"i ilə I tur görüşündən başlayan seriyası bu komanda ilə növbəti qarşılaşmaya qədər davam etmişdi.
Ardıcıl 2-ci, ümumilikdə 3-cü het-trik
Cari çempionatda 3-cü het-trik qeydə alındı. Onun müəllifi "Qəbələ"nin fransalı hücumçusu Bilel Auaşeriya oldu. Belə ki, o, "Turan Tovuz"la Qəbələdəki matçda (4:0) 3 qola imza atdı.
Maraqlıdı ki, ardıcıl 2-ci turdu het-trik olur və yenə qollar tovuzluların qapısına vurulur. Keçən turda bunu "Sabah"ın gürcü hücumçusu Davit Volkov Tovuzda reallaşdıraraq, təkbaşına komandasına 3 xal qazandırmışdı - 3:2.
İlk het-trikə isə "Qarabağ"ın fransalı yarımmüdafiəçisi Yassin Benzia "Kəpəz"lə Tofiq Bəhramov adına Respublika stadionunda 7:1-lik matçda imza atmışdı.
Onu da bildirək ki, Volkovla Benziya het-triklərini hələ ilk hissədə reallaşdırmışdı. Auaşeriya isə hər 2 hissədə fərqlənərək, bunu daha gec gerçəkləşdirdi.
0:0-larla bağlı ilk
Məlumdu ki, bu turda iki qolsuz bərabərlik qeydə alındı. Bunlar Sumqayıtdakı görüşlə yanaşı, "Səbail"lə "Kəpəz" arasında "ASCO Arena"dakı matçda oldu.
Əslində, bu mövsüm 0:0-lərin sayı elə də çox deyil. Bir turda 2 qolsuz heç-heçənin olması isə ilk dəfə baş verdi.
"Turan Tovuz" - ən yaxşısı 4:0, ən pisi 0:4
Premyer Liqamızda 2-ci mövsümdü çıxış edən "Turan Tovuz"un matçlarında 4:0-lara artıq adət edirik. Belə ki, Tovuz klubunun tarixinin ən böyükhesablı qələbəsi də 4:0 olub, ən ağır məğlubiyyəti də 0:4 olub. Ayxan Abbasovun komandası son turda bu aqibətlə Qəbələdə eyniadlı komandayla görüşdə üzləşdi.
"Boz qurdlar" keçən çempionatda isə "Neftçi" səfərində 4 cavabsız qola üzülmüşdü. Lakin "Turan Tovuz" elə həmin çempionatın sonunadək həmin "Neftçi"yə evdə həmin hesabla qalib gəlməklə revanş ala bildi. Tovuz klubu cari mövsümdə isə "Kəpəz"i öz meydanında 4:0-la yola saldı.