"Turan Tovuz"un sabiq kapitanı Şəhriyar Əliyev yeni klub axtarışlarını davam etdirir. Sport24.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı müdafiəçi ilə Misli Premyer Liqası təmsilçisi "Kəpəz" maraqlanır.
Hazırda legioner həyatı yaşamağa üstünlük verən təcrübəli futbolçu Özbəkistan klubları ilə danışıqlar aparır. Bundan başqa, o, Azərbaycanın I Liqasından da təklif alıb.
Mənbənin bildirdiyinə görə, Özbəkistan təmsilçiləri yekun qərar üçün ayın sonunadək vaxt istəyiblər.
Bu səbəbdən Şəhriyar Əliyev həmin müddətdə Azərbaycanda hər hansı klubla müqavilə imzalayacağı təqdirdə, sözləşməyə xüsusi bənd əlavə etdirmək niyyətindədir. Belə ki, Özbəkistan variantı reallaşarsa, o, qarşılıqlı razılıq əsasında yeni klubundan ayrılmaq istəyir.
Qeyd edək ki, Şəhriyar Əliyev 2022-ci ildən "Turan Tovuz"un formasını geyinib və komandanın kapitanı olub.