VI turun son oyun gününün ilk qarşılaşması Tovuzda baş tutdu. “Turan Tovuz” “Qəbələ”ni qonaq edirdi. Ötən mövsüm olduğu kimi 2023/24 “futbol ili”ndə də “boz qurd” üçün ev oyunları hələ ki, çətin keçir. Komanda sanki, Tovuzda lənətlənib. Dünən baş tutan qarşılaşma da bu yöndə istisna olmadı.

Halbuki, Ayxan Abbasovun komandası üçün hər şey yaxşı başlamışdı. Meydan sahibləri artıq ilk dəqiqələrdən böyük ərazi üstünlüyünə yiyələnib, rəqibə göz açmağa imkan vermirdi. “Qırmızı-qaralar”ı qapısına doğru sıxışdıran Abbasovun yetirmələrinin gec-tez fərqlənəcəyi hiss olunurdu. Obrazlı desək, vulkanın püskürməsi an məsələsi idi. İlk yarı qolsuz başa çatsa da, ikinci hissənin əvvəlində meydan sahibləri 3 dəqiqəyə iki dəfə fərqlənməklə qol intizarında olan tovuzluları coşdurdu. Əvvəlcə meydana əvəzetmədən daxil olan Fərid Nəbiyev Rəşad Əzizlini topu tordan çıxarmağa məcbur etdi. 59-cu dəqiqədə isə albaniyalı Belajdi Pusi adını tabloya yazdırdı. İki top fərqi ilə irəli çıxan “boz qurd”un belə üstünlüyü əldən verəcəyini bəlkə də ən bədbin tovuzlu belə gözləmirdi. Ancaq necə deyərlər, sən saydığını say, gör əlahəzrət futbol tanrısı nə sayır... İki top geridə olmasına baxmayaraq, ölkə kubokunun son qalibi toparlanmağı bacardı. Psixoloji cəhətdən sınamayan “qırmızı-qaralar” 7 dəqiqəyə meydan sahiblərinin qapısına iki dəfə yol tapmaqla, stadiona toplaşan 5000-ə yaxın tovuzlunu “ah” çəkməyə məcbur etdi. Fasilədən sonra meydana çıxan Osama Xalayla dubl etməklə oyunun qəhrəmanı olmağı bacardı. O, 71 və 78-ci dəqiqələrdə Tovuz təmsilçisini meydanın mərkəzinə dəvət etdi. Qalan dəqiqələrdə hər iki tərəfin fərqlənmək üçün imkanı olsa da, sona qədər hesab dəyişmədi və görüş heç-heçə başa çatdı.

Ayxan Abbasovun çalışdırdığı komanda qalib gələcəyi təqdirdə ikinci pillədə qərarlaşacaqdı. Lakin “boz qurd” bu fürsətdən yararlana bilmədi. VI turdan sonra tovuzlular 10 xalla ilk “üçlüy”ü tamamlayır. “Qəbələ”yə gəlincə, tura aşkar autsayder kimi girən “qırmızı-qaralar”ın hesabında artıq 4 xal var. Elmar Baxşıyevin yetirmələri sonuncu piləni tərk etməsə də, heç-heçə sayəsində "Sabah" və “Kəpəz”lə xalını bərabərləşdirə bildi.
 

RƏŞAD QASIMOV