Azərbaycan Premyer Liqasında XXII turu çərçivəsində keçirilən "Qarabağ" - "Sabah" matçında baxımlı qola imza atan Tellur Mütəllimov Sport24.az-a müsahibə verib. Futbolçu hən klubundan, həm də yığmadan danışıb.

- İki oyunda – Azərbaycan kuboku və Premyer Liqada "Qarabağ"ın qapısına ümumlikdə 7 qol vurduz ki, hər komanda bunu bacarmır. Belə məhsuldarlıq nümayiş etdirən kollektivin turnir cədvəlinin alt pillələrində yer alması bir qədər təəccüblü görünür...  
- İstər kubokun cavab qarşılaşmasında, istərsə də Premyer Liqanın XXII turunda "Qarabağ"a qarşı komanda olaraq yaxşı mübarizə apardıq. Meydanda olan futbolçularımızın hər biri sona kimi "vuruşdu". "Qarabağ" kimi güclü rəqibə qarşı məncə, layiqli mübarizə apardıq. Fikrimcə, azarkeşlər maraqlı oyunların şahidi oldular.

- Hakimlər bir qolunu ofsayd səbəbindən qeydə almadı. Oyundan sonra həmin epizoda təkrar baxdın? Səncə, qərar doğru idi?
- Bəli baxdım. Amma, həmin rakursdan nəsə fikir bildirmək çətindi. Çünki oradan oyundan kənar vəziyyəti tutmaq olmur. Hakimlər belə qərar verdi.
İndi nəyisə müzakirə etməyin mənası yoxdu.

 


- Son iki oyundu "Qarabağ"a uduzmursuz. Musayevin gedişindən sonra nə dəyişdi?
- Murad Musayevin baş məşqçi olduğu dönəmdə də "Qarabağ"la layiqli mübarizə aparmışıq. Təkcə bu il kubokdakı ilk oyunumuzda böyükhesabla uduzduq. Son iki matçda  həmin hesabın sadəcə, təsadüf olduğunu göstərdik.

 

- Məşqçiniz Ruslan Qafitulin bildirib ki, Murad Musayev tələbkar olması uşaqlara təsir edirdi, Ponormaryov isə sizə azadlıq verib. Bu barədə nə deyərdin?
- Hər bir məşqçi tələbkardı. Mən futbolçuyam, işim meydana çıxıb məşqçilər korpusunun verdiyi tapşırıqları yerinə yetirməkdi.

 

- İqor Ponormaryov və Murad Musayevin arasında nə fərq var?
- Hər məşqçinin spesifik xüsusiyyətləri olur. Mütəxəssisləri müqayisə etmək istəməzdim.

 


- Vaxtilə millinin üzvü olmusan, hazırda təklif gözləyirsən?
- Ölkənin bir nömrəli komandasında çıxış etmək hər bir futbolçu üçün fəxrdir. Mənim üçün də həmçinin. Ümumiyyətlə, hər bir futbolçu komandasında yaxşı oyun sərgiləməli və maksimumunu ortaya qoymalıdır ki, yığma komandaya dəvət olunsun. Çağırılsam milliyə kömək etmək üçün əlimdən gələni edəcəm.

 


- Necə düşünürsən, yığmanı yerli, yoxsa əcnəbi məşqçi çalışdırmalıdı?
- Məncə, əsas olan yeni məşqçinin millinin ruhuna uyğun olması, yığma komanda ilə uğurlu nəticə qazanmaq potensialıdır.

Röyanə Oğuz