"İlk dövrə başa çatıb. Psixoloji olaraq klublar itirilən və qazanılan xalları çempionatın sonuna yaxın saymağa başlayır, hər epizoda daha həssas yanaşırlar. "Hələ vaxt var, qarşıda oyunlar çoxdur" düşüncəsi, startda, ilk turlarda hakimlərin işinə yarayır və edilən səhvlər çox da qabardılmır. Bu da ədalət təmsilçilərinin görüşlərdə daha sərbəst olmalarını şərtləndirir. Bu amilin müsbət və mənfi tərəfləri var. Bir tərəfdən, səhvlərin qabardılmadığı fonunda hakimlərdə arxayınlıq yaranır və növbəti dövrələrdə öz təsirini göstərir, digər tərəfdən, işə məsuliyyətlə yanaşıldıqda, edilən səhvlərin aradan qaldırılmasına şans yaranır". Bu sözləri Sport24.az saytına Bu sözləri Qol.az saytına açıqlamasında sabiq FİFA referisi Tahir Süleymanov deyib.

 

O, Azərbaycan Premyer Liqasının geridə qalan ilk dövrəsində hakimlərin çıxışı barədə fikirlərini bildirib:

 

Çempionata hazırlıq dönəmində Hakimlər Komitəsi sədirliyi postuna belçikalı Frank De Blekerin təyinatı gec reallaşdı və yük əsasən yerli mütəxəssislərin üzərinə düşdü. İlk turlarda ciddi, nəticəyə təsir edən kobud hakim səhvləri demək olar yaşanmadı. Premyer Liqada autsayderlərlə  yuxarı pillələrdə qərarlaşan komandalardan fərqli olaraq, 5-6 komanda arasında xal fərqinin azlığı, oyunlarda gərginliyi artırdı və hakimlərin çempionata tam hazır olmadığı üzə çıxmağa başladı. Epizodlar çox müzakirə edilib, üzərində dayanmağa ehtiyac yoxdur. Barış Şimşəkdən fərqli olaraq, yeni sədr taleyüklü epizodlara 15 variantda cavab vermir, daha təcrübəlidir. "Oyun qaydaları"nda olan təbii boşluqlardan, FİFA/UEFA tövsiyələrindən istifadə edərək, belçikalı mütəxəssis ikili standartlara uyğun cavab verir, vəzifəsinə uyğun olaraq hakimləri müdafiə etməyə çalışır. Əminliklə bildirirəm, ilk dövrədə baş verən və geniş müzakirə/mübahisələrə səbəb olan epizodların 90 faizində əks qərarlar verilsəydi, De Bleker yenə də hakimlərin qərarlarını dəstəkləyəcəkdi. Bir epizodda yayımçı kanalın çəkilişləri, görüntünün uyğun olmadığı qabardıldı, digərində, şablon tövsiyələr önə çıxarıldı. Belə halların baş verməməsi üçün, Premyer Liqanın çəkiliş hüququna malik olan CBC Sport kanalında hakimliklə bağlı xüsusi proqrama ehtiyac var. Bu tək epizodların peşəkar müzakirələri deyil, eyni zamanda azarkeşlər arasında maarifləndirmə, qarşılaşmalarda baş verən müsbət məqamların da futbol ictimaiyyətinə çatdırılması ançaq işin xeyirinə olar. Nəinki geniş auditoriya, komandaların, məşqçi/futbolçuların çoxu qaydaların tətbiqini, VAR-n hansı hallarda müdaxilə edə biləcəyi ilə tam məlumatlı deyillər.

 

Futbolda hətta oxşar epizodlara belə, detallı yanaşma, oyunların dərəcəsinə, ruhuna, mahiyyətinə uyğun obyektiv incələnmə olmalıdır. Böyükhesablı nəticələrlə minimal və ya bərabərliklə bitən qarşılaşmalarda baş verən idarəçilik səhvləri  fərqli mahiyyətə, çəkıyə malikdir. 

 

VAR-n ötən mövsüm olduğu kimi müdaxilələri, oyunların aşırı dərəcədə dayandırlıması, dəqiqələrlə "iclasların" aparılmasının qarşısı, hələ ki, nisbətən alınıbsa, təyinatlarda baş verən boşluqlar, referilərin davamlı eyni komandaların oyunlarına çıxması, artıq narazılıqlara səbəb olur. Baxmayaraq ki, Premyer Liqaya təsdiq olunan hakimlərin siyahısı genişdir. Ən mənfi məqamlardan biri, referilərlə texniki zonada olan baş məşqçilərlə münasibətlərdir. Hər zaman vurğulamışam, hər iki tərəf yaşlarından asılı olmayaraq pedaqoqdurlar. Onların bir-biriləri ilə ünsiyyəti psixoloji olaraq yüksək səviyyədə olmalıdır. Futbol emosional oyundur, qaydalar çərçivəsində münasibətlər tənzimlənməlidir. Texniki zonaya nəzarət edən hakimlərin referilərə aşırı məsləhətləri, şablonluğa meylli olmaları, futbolçular qarşısında müəllimlərin müəllimlərə  göstərdikləri sarı vərəqələr xoş mənzərə deyil. İcraiyyə Komitəsinin üzvünə edilən xəbərdarlıq isə, elə AFFA rəhbərliyinə, onların təsdiq etdiyi De Blekerə göstərilən sarı kartdır. İdarəçilik keyfiyyətinin artırılması üçün, bütün bunlar üzərində ciddi və daimi peşəkar iş aparılmalıdır.

 

Azərbaycan Premyer Liqası təşkilatı baxımdan sabitliyini qoruyur, asayişin qorunması, komandaların, məşqçi/futbolçuların bir-birinə olan münasibətləri çox yaxşıdır. Belə şəraitdə hakim idarəçiliyi səhvləri minimuma enməlidir. 

 

Əsas diqqət elitaya yönəlib, aşağı liqalarda baş verən hakim səhvləri kölgədə qalıb. Uşaq yarışlarında da cərəyan edən proseslər onu göstərir ki, problemlər yetərincədir və məsələlərə kompleks yanaşma gərəkdir. Keyfiyyətin təmin olunması ilə yanaşı, bölgələrdə gənc hakimlərin yetişməsinə xüsusi diqqət ayrılmalıdır. 

 

İkinci dövrə başlayır, artıq ilk oyunlardakı kimi hakim səhvlərinə göz yumulmayacaq, tədricən artacaq. Referilərən buna hazır olub-olmadığını qarşıdakı oyunlar göstərəcək.