"Qarabağ" klubunun prezidenti Tahir Gözəl "Çelsi" ilə heç-heçə etdikəri (2:2) UEFA Çempionlar Liqasının oyunundan sonra jurnaslitlərin suallarını cavablandırıb.

Sport24.az həmin müsahibəni təqdim edir…

- Azərbaycan xalqı Qurban Qurbanovun adına stadionun olmasını istəyirlər. Bunun üçün ən ideal variant isə "Azersun Arena"dır. Siz necə düşünürsünüz?
- ⁠Qurban Qurbanov tarixi şəxsiyyətdir. Azərbaycan futbol tarixindən adı silinməyəcək insandır. Mən şəxsən belə şey eşitməmişəm. Amma olsa, dəstək verərəm.

- Oyun haqqında fikirləriniz nədir?
- ⁠"Çelsi" kimi məşhur klubla heç-heçə etmişik. Bu matçın keyfiyyətinə də baxmaq lazımdır. "Qarabağ" rahat və hücum futbolu oynadı, rəqibin adından heç çəkinmədik. Dünyaya ruhumuzu anladan da bu hekayədir, cəsarətdir. Uduzmaqdan, qol buraxmaqdan qorxmuruq. Komandamızın ruhu var, cəsarətlidir. Kollektivdə əzm var. "Qarabağ" Azərbaycan xalqının gücünü bu gün dünyaya nümayiş etdirdi ki, bizim cəsarətimiz var. Sülhə, savaşmaya, dünyanın nəhəngləri ilə vuruşmaya qadir bir millətik. Hər şeyi bacara biləcək, özünə inamı olan xalqıq.

- Tarixi nailiyəti kimlərə həsr etmək istəyirsiniz?
- ⁠İki gün sonra Zəfər bayramımızdır. İlk növbədə şəhidlərimizə, qazilərimizə həsr edirik. Xalqımıza, cənab Prezident İlham Əliyevə və media nümayəndələrinə, hər kəsə həsr edirik bu nailiyyəti.

- Qış fasiləsində heyətin güclənməsi üçün yeni hücumçu ala bilərsiniz?
- ⁠Klubumuzda baş məşqçi Qurban Qurbanova tam dəstək var. Onun seçdiyi futbolçunu gətirməyə qadir klubuq. Oyunçunu gətirmək çox ağır prosesdir. Gələn futbolçu qiyməti, əxlaqı və digər məsələlərdə bizə uyğun olmalıdır. Bunu dünyada ən yaxşı Qurban hoca bilir. Rəhbərlik olaraq bu işlərə qarışmırıq. Ona maddi cəhətdən tam dəstəyimiz var.