Hesabat turuna “Kapital Bank Arena”da start verilib. Şəhərin eyniadlı komandası azarkeşləri qarşısında “Turan Tovuz”u qonaq edib. Bəribaşdan qeyd edək ki, 90 dəqiqə boyunca tərəflərdən heç biri qol vura bilməsə də, görüş yetərincə maraqlı alındı ki, tribunaya toplaşanlar heç də darıxmadılar.
Oyunun ilk dəqiqələri meydan sahiblərinin tərəfində oldu. Cəzalı olduğu üçün matçı kənardan izləmək məcburiyyətində qalan Samir Abasovun yetirmələri ilk 15 dəqiqədə meydanda diqtə edən tərəf idi. “Kimyaçılar” qonaqları təzyiq altında saxlayır, xoşbəxtliyi rəqibin qapısını önündə axtarırdı. Ancaq vaxt ötdükcə “boz qurd” özünə gəlməyi bacardı. Bundan sonra “Kapital Bank Arena”nın yolunu tutanlar qarşılıqlı hücumlar şəraitində keçən oyun izləməyə başladılar. Hər iki komandanın fərqlənmək üçün imkanı olsa da, nə meydan sahibləri, nə də tovuzlular toru silkələməyi bacardı.
İlk yarıda olduğu kimi, fasilədən sonra da futbolsevərlər rəngarəng hücumlar quran, müdafiədə oturmayan iki komandanın oyununu izlədi. 90 dəqiqədə yeganə çatmayan vurulan qol və ya qollar oldu. Bəlkə də bu da olsaydı, “Sumqayıt” – “Turan Tovuz” qarşılaşması həftənin oyunu seçilərdi.
İlk dəqiələrdən son saniyələrə qədər komandaların heç-heçə barışmadığı, görüşü 3 xalla başa vurmağı planlaşdırdığı görünürdü. Ancaq hər iki komandanın heyətində müdafiəçilər və qapıçılar özlərini yaxşı tərəfdən göstərərək səhvə yol vermədilər ki, belədə qarşılaşma başladığı hesabla da sona yetdi. Bəlkə də matçın ədalətli hesabı heç-heçə idi. Çünki, şənbə günü meydana çıxan komandaların heç biri məğlubiyyətə layiq deyildi.
Sonda onu da bildirək ki, Samir bəyin yoxluğunda texniki zonada “dirijorluq” edən Mübariz Orucov da baş məşqçinin ötən tur yaşadığı aqibətlə üzləşdi. Əsas vaxta əlavə olunmuş 3-cü dəqiqədə baş hakim Kamal Umudlu 49 yaşlı mütəxəssis texniki zona qaydalarını pozduğuna görə meydandan qovdu.
RƏŞAD QASIMOV