Hakan Sünal. “Sumqayıt”ın akademiyasının rəhbəri ilə xeyli müddətdir ki, açıq söhbət etməyi planlaşdırırdıq. Qış fasiləsi ərəfəsində bu istəyimiz baş tutdu. Hakan bəylə A-dan B-dək - həm akademiya, həm də eyni zamanda baş məşqçisi olduğu B komandasıyla bağlı yetərincə düşündürücü məqamlara toxunduq. Fikrimizcə, maraqlı, çox maraqlı alındı. Sport24.az sizləri türk əsilli Almaniya vətəndaşı olan Sünalla hazırlanmış materialla baş-başa buraxır.

“Sumqayıt”ın türk məşqçisi Azərbaycana həm də Pro almaq üçün gəlib

-  Artıq 2,5​ ildi Azərbaycandasınız. Ümumi fəaliyyətinizlə bağlı fikirlərinizi bilmək istərdik - hansı işlər görülüb, nələri hələ edə bilməmisiniz?

- Burda olduğum müddətin 1 ili pandemiyaya getdi, işləməyə az bir müddətimiz oldu. Amma bu qısa vaxtda az işlər görmədik. İlk vaxtdan klub üçün akademiya səviyyəsində bir struktur, bir fəlsəfə yaratdıq. Yaş qruplarını məşqçilərlə daha çox gücləndirdik. Onların sayını artırdıq ki, oyunçularla daha intensiv şəkildə işləyə bilək. Bununla yanaşı, Azərbaycanda çox diqqət​ yetirilməyən bir nöqtə vardı - atletik baxımından akademiyalarda işləyən bir mütəxəssis yox idi. Birini tapdıq atletik hazırlıq üzrə məşqçi, onunla da işləyirik bütün yaş qrupları üzrə. İkinci ilimizdə fikirləşdik ki, akademiyamızın aşağı yaş qruplarını quraq. Bunlar U-10-dan aşağı komandalardı. O uşaqları tez bir şəkildə seleksiyamızla​ seçib, fəlsəfəmizlə yetişdirib U-10-a çatdırdıqda bu komanda hazır olsun. Əvvəldən U-10-dan işə başlayardıq, bu baxımdan çətinlik çəkirdik. Bu il belə oldu ki, əvəzedici komandaya baş məşqçi də​ təyin olundum. Bu da PRO lisenziyası ilə bağlı idi.​ Cari mövsümdəki hədəflərimizdən biri B komandanı​ elə bir səviyyədə hazırlamaqdı ki, bu akademiyada yetişən uşaqların orda oynaması və böyük futbola hazırlanması mümkün olsun.​

- Siz gələndən sonra məşqçilərin sayı nə qədər idi, indi nə qədərdi?

- Mən gəldiyimdə 18 nəfər idi. 2-3 köməkçi də vardı ki, onlar qruplar üzrə dəyişirdilər. Bir köməkçi məşqçi iki qrupa baxırdı. Bununla yanaşı, qapıçı məşqçilərinin də sayını artırdıq. İndi 3​ nəfərdilər. Təməl qrupu​ sayılan U-12-də bir qapıçı məşqçimiz var, bir koordinator, işləri nəzarətdə saxlayan. U-15, U-16, U-19-da da eyni saydı. Ümumilikdə​ məşqçi sayımız 36-ya qalxdı. Yəni, akademiyada işçi sayını 2 dəfə yüksəltdik. Avropaya baxdıqla, daha çox əskiklərimiz var hələ də. Ən böyük sıxıntımız​ videoanalizlərlə məşğul olan bir mütəxəssisin olmamağıdı ki, inşallah, bunu da gələcəkdə tapacağıq. İstəyirik ki, bu yöndə də iş peşəkar səviyyədə getsin.​

- Təyinatınza qədər "Sumqayıt"da heç kəs bilmirdi ki, məşqçi sayı bu qədər olmalıdı?

-​ Məndən əvvəl rəhbər olan almaniyalı həmkarımdan heç bir məlumat almamışam. Bu adam burda 2 il nə iş gördü, ilk günümdə soruşdum ki, burda nə var-nə yox, hansı işdən başlamalıyam? Təəssüf ki, bir cümlə belə tapa bilmədim. Bunun üçün​ işə sıfırdan başladıq. Müasir futbola baxsaq, Almaniyada deyirlər ki, bir məşqçi sərəncamında​ maksimum 12 nəfəri bir anda nəzarət altında saxlaya bilər.​ Bura gəldiyimdə müqavilə imzalamamışdan​ qabaq məşqə baxanda,​ ilk diqqətimi bu çəkdi ki, U-15 komandasında bir məşqçinin ixtiyarında 28 futbolçu vardı. Yəni, bir xaos hökm sürürdü.

- Yəni, dolayısı ilə məşqçi sayını hələ də artırmaq​ fikrindəsiniz?

- Mütləq. Sadəcə, məşqçi sayı deyil, elə mövqelər var ki, viodeoanalizlə çalışan, zədəlilərin reabilitasiyası​ üçün fizioterapevtlərin, həkimlərin artması gərəkdi. Əvəzedici komandanı nəzərə​ alsaq, akademiyada 3 həkim, 2 fizioterapevt var.​

- Düzdür. 2,5 ilə futbolçu yetişmir, bunu gözəl başa düşürük. Bunun üçün 7-8 il vaxt lazımdı. Ok, 10-12 yaşında elə bir futbolularınız var ki, indidən Avropa təməlində futbolçular olacağını əminliklə deyə bilərsiniz? Yəni, onların fiziki hazırlıqlarında problem olmayacaq ki, həftədə 2 dəfə çıxıb 90 dəqiqə futbol oynasınlar?

- Təbii ki, var. Bura gəldiyim ilk gündən deyirəm ki, futbol hər yerdə eynidi, hər yerdə istedadlı futbolçular var. Hindistana da getsək, belədi,​ Braziliyaya da. 10 il strukturu qurub​ eyni xətlə inkişaf etdirsək, Hindistanda da futbolçu yetişdirə bilərik, Braziliyada da. Azərbaycanda da futbola böyük həvəs, maraq var. Bunu aşağı yaş qruplarında valideynlərin də məşqlərə,​ oyunlara gəlmələri ilə görürəm. Yəni, bir işıq var, amma bunu alovlandırmaq lazımdı.​

- Necə?

- Akademiyada bütün qruparda işlər o səviyyədə gəlməlidi ki, 10 il sonra deyək, U-10-da yetişən futbolçudu. U-15 və U-19 komandaları üçün bu il yaratdığımız fərdi istedad proqramı var. Orda məşqlərdən əlavə çalışmalar nəzərdə tutulub - ingilis dilində dərslər, fərdi şəkildə videoanalizlər, psixoloji dərslər. Bunları da nəzərdə tutmaq lazımdı ki,​ yüksək səviyyəyə gəlib çataq. Yalnız məşqə çıxdıq gəldik -​ ​ təbii ki, belə şey olmaz.​ Yəni, strukturlarda bir dəyişikliyin olması lazımdı. Bu yaxında "Hoffenhaym"a​ getdim, sizə açıq deyim ki, özümü başqa planetdə hiss etdim. Yəni, Almaniyadakılar futbolda texnoloji inkişaf edir. Biz gözləyirik ki, futbolumuz inkişaf etsin, fəlsəfəmiz, ideyamız olsun. Bundan sonra o texnologiyaları gətirək ki, onlara çata bilək.​

- 15-20 seçilmiş futbolçu varsa, 3-4-ü 19 yaşlıdı?

- O proqramda yalnız bir 19 yaşlı futbolçu var. Qalanları isə əsasən 2005-07-ci il təvəllüdlülərdi.​

- O futbolçuların neçəci milli komanda üzvüdü?

-​ Nihat Əhmədzadə oynayır, yığma ilə Dubaya getdi. Namiq, Rəhman, Nadir var, hətta sonuncu millidə kapitandı. Şükür, Vüsal da yığmaya getdi. Bir sözlə, 5-6 futbolçumuz yığmalara cəlb olunurlar.​

- Məni maraqlandıran odur ki, həmin uşaqlar millidə fərqlənirlərmi üstün tərəfdən? Axı, onlar fərdi proqramla çalışırlarsa, deməli, bir xüsusi fərq də olmalıdı...

- Buna yeni - 4 həftədi başlamışıq.​

- Yəni, buna yuxarı-aşağı 1 il lazımdı...​

- Minimum. Burda diqqətimi çəkən ingilis dilində dərslərdi. Bunu ayrıca məşqçilərə də keçirəm həftədə 2 dəfə. Bu, məktəbdə keçdiyiniz yox, futbolla bağlı ingilis dilidi. Məşqçiləri bir kənara qoyaq, onlar bəlkə məktəbdə də bunu görmədilər. 15-17 yaşılar bu proqramda özlərini tanıtmaqda çox sıxıntı keçirirlər. Fikirləşirsiniz ki, Avropaya niyə futbolçumuz çıxmırlar? Qardaş, dili, mədəniyyəti bilmirlər. Super futbolçular olsalar belə, orada o çətinlikləri çəkəcəklər. 10 il sonra o futbolçuları Avropaya çıxarmaq istəyiriksə, onlara futbolla yanaşı ədəbiyyatı da öyrətməliyik. Məncə, ən qırılma nöqtəsi budu. Almaniyaya tanışlarım vasitəsi ilə futbolçu göndərə bilərəm, heç bir problem yoxdu. Bu adam ingiliscə bilmir, suyu, yeməyi orda necə istəyəcək? Yəni, o bazanı da qurmaq lazımdı, bu, çox önəmli bir şeydi. Mental olaraq futbolçunu hərtərəfli​ hazırlamaq lazımdı.​ ​ ​
 

Sumqayıt”ın məşqçisi “Hoffenhaym”ın akademiyasında

- Dili​ başa düşdük. Nə qədər vaxtdan sonra sizinlə görüşdə onları görə bilərik ki, fərqlənirlər​ və buna sevinək? Bunu​ ona görə deyirik​ ki, vaxtilə "Qəbələ" akademiyası yarandı, hamımız bunu alqışladıq. Ancaq bu "1 nömrə" yalnız Azərbaycan üçündü, ordan çıxan​ futbolçuların ən yüksək səviyyəsi yalnız milli komanda səviyyəsinə gəlib çıxır, milli komandamızın da səviyyəsi bəllidi. Yəni, daha üst səviyyə gözləyəkmi, yoxsa "Qəbələ" akademiyasının verdiyi bir "level' görəcəyik yenə?

- Buna dəyişik bir baxışdan baxılması lazımdı. Azərbaycan futbolunu kiçiltmək istəmirəm, ancaq dünya futbolunda hansı yerdədi? Hansı ölkələr bura skaut göndərirlar, məktəb açırlar? Çox az sayda. "Hoffenhaym"a​ gedəndə gördüm ki, Qanada 3 futbol məktəbi açıblar, orayla sıx əlaqələri var. Bira səhv eləmirəmsə, Azərbaycanda "Mançester Yunayted" gəlib...

- Bəli, belə bir şey olub...

- Almaniyada​ 13-15 yaşında olarkən artıq uşaqları menecerlər ələ keçirməyə başlayır. Azərbaycana isə bu maraq yoxdu ki, gedib baxım nə var-nə yox? Halbuki, Qafqaz futbolu ən yaxşılardan idi. Sadəcə, Azərbaycandan deyil, bu regiondan texnikalı futbolular çıxırdı. Amma​ illər keçdikcə Avropa klublarının diqqətinin bu regiondan çəkməsi kimi görünür mənə. Çox maraqlanan yoxdu. Azərbaycan futboluna kənardan o diqqət verilmir. Sağ olsun "Qarabağ", bizi, Azərbaycanı tanıdır, Özümüzü by yolla nə qədər çox​ reklam etdirə bilsək, futbolumuz Avropada daha çox  diqqət cəlb edə biləcək. Deyəcəklər ki, "Qarabağ"dan oyunçular çıxır və bundan sonra bura skautlarını göndərəcəklər. Dediyiniz nöqtəylə bağlı da gözləmək lazımdı. Töhfəmizi verdik, ancaq kənardan diqqət yoxdursa, bu, faydasızdı.​

- Skatutları qəbul edirəm ki, bizə az diqqət yetirilir. Amma bunun səbəbi də var - qonşu Gürcüstana diqqət yetirilir, Azərbaycana yox. Deməli, bizdə yoxdu ki, diqqət yetirilmir. Bizdə keyfiyyət aşağıdı. Onu soruşurduq ki, yenə "Qəbələ" səviyyəsi görəcəyik, yoxsa tam fərqli səviyyə?

- Sadəcə, onlar bura gəlməli deyil, biz də xaricə getməliyik.​ "Qəbələ" turnirlərə getdi, biz də özümüzü xaricdəki turnirldə tanıtmalı, futbolçularımızı göstərməli, qiymətə mindirməliyik. Buna isə vaxt demək düzgün deyil. Məsələn, bura gəldim, 1 il sonra 2004-cü il təvəllüdlü Sənan Ağayev əsas komandada oyuna çıxdı. Bax, nəticə deyirlər akademiya üçün. İndi deyə bilmərəm ki, 4 il sonra belə olacaq. 1 il sonra da inkişaf ola bilər. Futbolçularla bağlı vaxt fərqli ola bilər. Bunun üçün gözləmək lazımdı. Bura gələndə də dedim ki, mənə 5 il vaxt verin,​ beynimdəki o fikirlərə əsasən​ minimum 5 futbolçu əsas komandaya yüksəlsin. Söhbət​ dediyim proqramdan yetişənlərlə bağlıdı. 2003-cü il təvəllüdlülərlə işə başladım, işlədiyimiz bu 1,5 ayda B və A komandaya 20-yə yaxın​ oyunçu verdik. Hazırda B komandamızda akademiyadan 14 futbolçu var. Bunlardan 7-si son 2 matçda start heyətdə meydana çıxdı. Hədəfimiz budu ki,​ qapıları açaq, çıxsınlar. Onu da nəzərə almaq laızmdı ki, yetişirsə, yuxarıda da buna diqqətsizlik olmamalıdı. Top səviyyələrə​ çatmaları üçün orda fərdi keyfiyyətlərinə diqqət yetirilməlidi.​

- Azyaşlıların ölkə xaricinə çıxmaları üçün maliyyə yoxdu, yoxsa bizimlə oynamaq istəmirlər?

- Maliyyə çatmır bir məsələ, bizimlə oynamaq istəyən bir başqa mövzu. Misal üçün Almaniyada Frankfurt "Ayntraxt"ında​ işlədiyimdə ildə bəlkə 20-30 turnirə gedirdik. Bunu istəsəm, bir komandamızı bir yerə apara bilərəm. Onun söhbətləri də gedir, layihələri də var. Amma təbii ki, hər bir şeyin fokusu, bir prioriteti var. Bizim komandaların​ prioriteti də o deyil ki,​ uzaq xaricdə turnirlərdə çıxış etsinlər. Bəlkə yaxın​ vaxtda maliyyə baxımından bizə uyğun bəlkə Gürcüstan, Türkiyə ola bilər. Böyük səyahətlər üçünsə bir az gözləmək lazımdı.​ Amma istərəm ki, olsun.​

- İndi məşqçi kimi danışırsınız, yoxsa menecer kimi? Çünki menecer kimi danışırsınızsa, başqa suallar da verim...

- (gülür) Akademiyanın direktoru olaraq.

- Sizə elə gəlmir həmin uşaqlara dair indən şirkətlərlə sponsorluq müqaviləsi bağlamaq olar? Qarşılığında isə həmin şirkətlər nə vaxtsa pesəkar müqavilə imzaladiəda futbolçudan müəyyən gəlir əldə etsin? Buna fyuçers müqaviləsi deyilir.

- Təbii ki, mümkündü. Sadəcə, əlaqə qurmaq lazımdı. Ordakı insanlara aldadıcı​ mövqe​ də olmamalıdı.​

- Bu, təbii ki, belə -​ hər şey rəsmi olmalıdı...

- Mən topladım getdim - bununla iş bitmir. Klublar arasında alış-veriş olmalı, qardaş klublar yaranmalıdı. Tək turnirə getməklə iş bitmir. Həmin "Hofenmaym"dan misal çəkim yenə - 7-8 qardaşlaşdığı klub var, 3 fatma klubu da kənarda. Bu yöndə yavaş-yavaş addımlar atmağımız lazımdı ki, adımızdan söz etdirək.​

- Bu yaxınlaşma üçün nə lazımdı? Nə mane olur?

- Bunun üçün bir yerdə tanımalısan ki, o söhbətə girəsən, bir layihə hazırlayıb bir yerə təqdim etməlisən. 4-5 nəfərə aparıb göstərməlisən ki, baxın, belə bir layihəmiz var, sizi dəvət edirik.

Sumqayıt" Futbol Akademiyasına Hakan Sünal rəhbərlik edəcək - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

- Keçək B komandasına ki, niyə belə zəif çıxış edir?

- Bunu kim deyir?

- Turnir cədvəli, nəticələr...

- Mənədək neçənci yerdə gedirdi?

- Sonuncu.

- İndisə sonuncu yox, 9-cu yerdəyik...

- Bu uğurdu?

- Yox. Sonda deyiliksə, deməli, irəliləyiş oldu, deməli, bizdə bir inkişaf oldu.

- Bunu inkişaf sayırsınız?

- Axırıncı yerdən 9-cu pilləyə çıxmışıqsa, məncə, hə. Bura gəldiyim vaxtdan bəri "Sumqayıt"ın əvəzedici komandası bütünlüklə son sıralarda​ gedirdi. Yəni, dediyiniz kimi, 13-14-cü pillələrdə idi. Amma burda nəticəyə baxmıram​ və ona görə sizdən "inkişaf nədi" soruşuram.​ Bura gəldiyimdə B komandada 7-8, bəlkə daha çox​ futbolçu​ Bakıdan gələnlər idi. Ondan əvvəl isə Elbur Məmmədovun baş məşqçiliyi​ dövründə əvəzedicilər 2-ci yeri götürmüşdü. Orda akademiyadan cəmi 2 futbolçu vardı. Büdcə də indikindən qat-qat çox idi. O büdcə yavaş-yavaş azalmağa başladı və ən az büdcəli komandayıq bu mövsüm. Səbəb də budu ki,​ "dubl"un əsas özəyi kimi akademiyanın futbolçuları oynasın. İndi durum belədi ki,​ 90 faiz sumqayıtlılardı. İştirak ərizəmizdəki 18 futbolçudan 14-ü akademiyanın yetirmələridi. Təvəllüdlərə​ baxsanız, 2001-2004-cü il təvəllüdlülərdi. 3 nəfər də bundan aşağı yaş futbolçulardı ki, hər bir komandada belə yanaşma olmalıdı. "Sumqayıt"da bu, bir ilk oldu ki,​ 50​ faizdən çoxu akademiya​ yetirməsi olan Sumqayıt uşaqları oldu. Özü də son 3 ildə​ çıxanlar. Bir futbolçu var ki,​ məndən əvvəl B komandada idi. Bu, 2001-ci il təvəllüdlü Cavid Quliyevdi. Kəsəsi, bu il 13 futbolçu​ akademiyadan B komandaya yüksəldi və onlarla rəsmi, peşəkar müqavilə imzalandı. Və onlar​ böyük​ futbol oynamırdılar, I Divizionda​ təcrübələri yox idi. Bu, bəlkə 1-2 nəfərdə olardı. Bunları böyük futbola hazırlamaq vaxtı gəldi. İlk dəfə bu səviyyədə işlədiyimə görə mənə də adaptasiya vaxtı lazımdı. Burda həqiqətən əvvəldən çəkmədiyim əziyyəti çəkdim.​

- Nə kimi?

- A komandaya oyunçu verirsən, milliyə gedir futbolçuların, səndə oyunçu qalmır.​ ​ Bu zaman akademiyadan götürməlisən, bir az xaoslu var idi. Bunu düzəltdik.

- Necə?

- İstedad proqramı qurması hesabına. U-17, U-16, hətta U-15 komandasından futbolçular məşqlərimizə qatılırlar. Bu il üçün məqsəd budu. İkinci il liqa struktuları dəyişə bilər, bunu bilmirəm. Məncə, yaxşı olar akademiyaların U-23 komandalarını​ bir-biriylə yarışdırmaq. Çünki klublar akademiyadan yetişən futbolçuları orda oynadacaq yüz faiz. Bu zaman nəticəyə çox fikir verilməyəcək. Yəni, bu kimi çətinliklərdən keçdik, liqanın startında sonuncu yerdə idik. Amma 10 turdan sonra 9-cu yerdəyik və məncə, bu, inkişafdı.

- Gəlin, razılaşaq ki, nəticə də vermək lazımdı. "Öz akademiyamın uşaqlarıdı" deyib, son yerlərdə getmək - bu da bir iş deyil...

- Bəli, yüz faiz razılaşıram. Akademiyada 2 prinsip var. Azərbaycanda da belədi. Misal üçün "Sabah"da skautlar indidən kənardan oyunçuları götürür, öz komandalarında oynadırlar - bu, bir fəlsəfədi. Ok, başa düşdüm. Amma biz "Sumqayıt" olaraq nə qalmağa otelimiz var, nə pulumuz var o səviyyədə oyunçu gətirməyə. 99 faiz Sumqayıtdan gələn futbolçulardı, 1 faiz Masazırdan, Kürdəmirdən. Prezidentimiz Riad Rəfiyevlə ilk vaxtdan söhbətimiz oldu, onda "Atletik" fəlsəfəsi, havası var. Yəni, oyunçuların klubların identifikasıyası çox yüksəkdi. Biz Sumqayıtın, bu şəhərin tək komandasıyıq - bu ab-hava var.​ Bu da var ki, biri gedir, hər şeyi onun yerinə gələnin​ üzərinə atırlar ki, başla sıfırdan işə. Bəlkə böyük problemlərdən biri budu. Seçilən yolu 10​ il götürmək, bundan sonra yekuna​ baxmaq lazımdı ki, nə var-nə yox. Yüz faiz əminəm ki, akademiyamızdan gələcəkdə yaxşı futbolçular çıxacaq.​

- Sonda infrastrukturdan da danışaq...

- Bəzi klublar top, jilet tapa bilmir, ancaq inventar​ olaraq həqiqətən çox yüksək səviyyədəyik. Öz inventarlarımızı yaratmışıq. U-15-dən​ U-19-dək​ bütün akademiya komandaları əsas komandanın geyindiyi "Jako" ilə təmin olundu. U-15-dan başlayaq bütün komandalarımız A komandanın yararlandığı toplarla məşq edirlər. Aşağı yaş qruplarına "Alov"un 200 topu ayrıldı. Almaniyadan fiziki hazırlıq​ üzrə çoxlu paraşüt gətirmişəm. Həftədə 2 dəfə akad​emiyamızın məşqçilərinə dərs​ keçirəm. Oyundan sonra həftənin 1-ci günü hamı əyani şəkildə videoanalizlərdə olur,​ hamı hesabat verir yazılı şəkildə. Açıq müzakirələr üçün mühit​ yaratmışam. Bir-birinizlə dalaşın,​ ancaq fikrinizi deməyə çalışın. Əvvəldən belə idi ki, iclaslarda heç kimsə bir reaksiya vermirdi, hamı səssiz idi. Qrup halında bir sual verilirdi 15 nəfərə, buna cavab verə bilmirdilər. Bunu təyin edtiyimiz vaxta əsasən edə bilmirdilər. Ən böyük problemimiz meydança qıtlığıdı. Bu dəqiqə bir fikri olaraq Sumqayıtda​ futbol məktəbi yaratmağa, bununla səpələnməyə çalaışırıq. Bunun üçün yer danışırıq ki, ən azı gələn mövsümdə bunu tam "otuzdura" bilək.

Sumqayıt” Futbol Akademiyasının rəhbəri Hakan Sünalın təqdimatı olub -  AZƏRTAC – Azərbaycan Dövlət İnformasiya Agentliyi

 

CEYHUN ƏLİYEV