Qış fasiləsindən sonra məğlub olmayan "Sumqayıt" Premyer Liqanın XXIV turunda "Qarabağ"a yenildi. Oyundan sonra Sport24.az-a müsahibə verən "kimyaçılar"ın legioneri Masaki Murata həm son matçla bağlı fikirlərini bölüşüb, həm də azərbaycanlılarla yaponların fərqindən danışıb.

- Qış fasiləsindən sonra məğlubiyyətsiz seriya yaxalamışdız. Amma son turda "Qarabağ"a yenildiz. Rəqibdən heç olmasa 1 xal qoparmaq üçün nə çatmadı?
- "Qarabağ"ın gücü hamıya bəllidi. Onlar haqqında əlavə nəsə deməyə ehtiyac yoxdu. Buna rəğmən "süvarilər"lə oyuna yaxşı hazırlaşmışdıq. Məqsədimiz döyüşkən oyun sərgiləmək və Sumqayıta sərfəli nəticəylə qayıtmaq idi. İlk dəqiqələrdən qarşılaşmaya yaxşı başladıq. Rəqibi təzyiq altında saxlaya bildik. İlk yarı 0:0 bitəndən sonra da nikbin idik. Fasilədən sonra daha açıq futbol sərgiləyib qol vurmaq istədik. Rəqib isə bundan yararlanıb 2 dəfə bizi məyus edib qələbə qazandı. Pis oynamadıq, amma məğlub olduq.

- Bu məğlubiyyət əhval-ruhiyənizi aşağı salmayacaq?
- İstənilən məğlubiyyət təsirsiz ötüşmür. Amma çempionat bir oyundan, bir məğlubiyyətdən asılı deyil. Nikbin olub irəli baxacağıq.

 


- "Qarabağ" sizdən 18 xal öndədi. Necə düşünürsəndam, Qurban Qurbanovun komandasını erkən çempionluq münasibəti ilə təbrik etmək olar? 
- Başqa komandanın necə oynaması haqqından danışmaq mənim işim deyil. Hesab edirəm ki, o bərədə fikir bildirmək ümumiyyətlə, düz deyil.

 


- Bir yapon olaraq Azərbaycanda legioner həyatı yaşamaqdan məmnunsan?
- Keysuke Hondadan sonra ölkənizdə top qovan 2-ci yaponam. Düşünürəm ki, burda bizi hər şey qane edir. İnsanlarınız ünsiyyətçil və istiqanlıdılar. Özümüzü Avropadakı kimk hiss edirik.

 


- Milli yeməklərimizdən favoritlərin hansıdı?
- Yemək çeşidləriniz çox və dadlıdı. Amma daha çox paxlava və yerli dondurmanızı xoşlayıram.

 


- Səncə, azərbaycanlılar hansı xüsusiyyətlərinə görə yaponlardan fərqlənir?
- Biz yaponlar daha çox utancağıq. Ona görə də emosialarımızı gizlətməyə üstünlük veririk. Amma azərbaycanlılar daha özgüvənlidi və emosional çıxışlarıyla diqqət çəkirlər

ABDULLA İSMAYILOĞLU