Masallı futbolunun yetirməsi Rövşən Süleymanov 50 illik yubileyini qeyd edir.

Veteran futbolçu Sport24.az-a müsahibə verib.

- İlk olaraq sizi təbrik edirik. Geriyə baxanda 50 il həyatınızda nələrlə yadda qalıb?
- 50 il çoz tez bir zamanda keçdi. Uğurlu günlər, uğursuz günlərlə əvəzləndi. Amma ruhdan düşmürəm. Həyat davam edir. Qarşıda bizi idman sahəsində daha böyük işlər gözləyir.

- Yubileyinizi necə qeyd edirsiniz?
- Çox sadə. Ailəmlə birlikdəyəm.

- Keçmiş komanda yoldaşlarınızdan, futbol ictimaiyyətindən sizi təbrik edənlər olubmu?
- Bəli. Demək olar ki, daha əvvəl birlikdə oynadığımız dostlar təbriklərini çatdırırlar.

- Futbolçu karyeranızı necə xatırlayırsınız?
- 13 il Yüksək Liqada oynadığım dövrü yaxşı xatırlayıram. Yaxşı günlər yaşamışam. Hələ də xatırlayıram: "Kəpəz"də, "Qarabağ"da oynayanda bir jeton alıb metrodan üç nəfər keçdiyimiz günlər olub. "Qarabağ"ın komanda kimi yaşamasında, bu günlərə gəlib çıxmasında bizim də zəhmətimiz var. Allah köməkləri olsun. Başda Qurban müəllim olmaqla komandasına uğurlar arzulayıram. Xoşbəxtəm ki, mən də bu komandada oynamışam.

- Karyeranızda nələrisə doğru etmədiyinizi düşünmüsünüzmü?
- Bəli. Geriyə baxanda təəssüfləndiyim anlar olub. AFFA-nın keçmiş prezidenti Fuad Musayev mənim "Defa"da oynamağımı israrla istəyirdi. Mən razı olmadım və "Qarabağ"a keçdim. İkinci bir şansım Almaniya ilə bağlıdır. "Ştutqart"ın təklifini geri çevirmişdim. Bu, mənim böyük səhvim idi. Buna görə təəssüflənirəm.