"Şamaxı"nın yeni baş məşqçisi müəyyənləşib. Sport24.az xəbər verir ki, bu, keçən mövsüm futbolçu karyerasını bitirərək məşqçiliyə başlayan Cavid Hüseynov olacaq.

Son 1 ildə çalışdırdığı "Cəbrayıl"ı Region Liqasının çempionu edən 34 yaşlı mütəxəssis iyulun 1-dən yeni işinə başlayacaq. O, hazırda prezidenti də olduğu "Cəbrayıl"ı UEFA Regional Kubokuna hazırlaşdırır. Maraqlıdı ki, bu, oynayacaqları Şamaxıdadı. Hüseynov məhz bu şəhərdəki yeni stadionda finalda "Xan Lənkəran"ı məğlub edərək qalib olub. 

Sadəcə, bir məqam var ki, Hüseynov məşqçilikdə B kateqoriyasını oxuyur. Premyer Liqamızda isə baş məşqçi PRO (ən pis halda A) kateqoriyasına malik olmalıdı. Bu üzdən Hüseynov özünə hazırda PRO-nu oxuyan Sənan Qurbanovu köməkçi götürməsi gözlənilir ki, iştirak ərizəsində onun adı olsun.

Maraqlıdı ki, 42 yaşlı Qurbanovun axırıncı iş yeri sona 8 tur qalmış istefa verdiyi "Şamaxı" olmuşdu. Hüseynov isə Qurbanovun rəhbəriyi altında "Qəbələ"də çıxış edərək, 2019-cu ildə kapitan kimi Azərbaycan Kubokunu başı üzərinə qaldırıb. Hüseynov üçün B variantı isə Ramin Quliyevdi ki, o da "Qəbələ"də məşqçisi olub. 41 yaşlı Quliyev "Sabah"dan keçən mövsümün ilk dövrəsi bitən kimi gedəndən sonta işsizdi. 

Xatərladaq ki, "Şamaxı"nın əvvəlki rəhbərliyi - klubdan gedən İdarə Heyətinin sədri Zaur Axundov yeni baş məşqçi, Qurbanov gedəndən sonra bu vəzifəni icra edən Rüstəm Əliyevi təyin etmişdi.