Cari mövsümün ən yaxşı futbolçularından olan Şahrudin Məhəmmədəliyev. "Qarabağ"da yaxın keçmişədək 2-ci də yox, 3-cü qapıçı olan 27 yaşlı bu milliləşdirilən dağıstanlı kiper klubunda da "1 nömrə" oldu, millidə də. Hələ millimizin martdakı matçlarından sonra "Şah"la söhbətləşmək istəsək də, bunu sonraya saxlamağı məqsədəuyğun saymışdı. Bu dəfə suallarımızı məmnuniyyətlə cavablandıran Şahrudin Sport24.az-a müsahibəsinə üzrxahlığını çatdırdığı həmin məqamla başladı.
- Həmin vaxt ona görə sizə "yox" dedim ki, özümə qarşı həddən çox diqqət olmasın. Bu diqqətdən qaça bilmədim. Çalışdım ki, bundan özünü qoruyum, ancaq elə qorxduğum baş verdi. Eybi yox, Əlhəmdüllilah, deməli, belə də olmalı idi.
- Azərbaycanlıların bir sözü var ki, göz dəydi. Futbolda isə belə bir termin yaradıblar - "qara zolaq". Qısa müddətdə - bir aydan da az bir müddətdə iki dəfə ciddi zədə alasan. Buna necə izah tapırsan?
- Çempionatın sonunadək müsahibə verək istəmirdim. Onsuz da özümə qarşı çox böyük diqqət vardı, mən isə bunu sevmirəm. Xoşuma gəlmir belə şey. Ola bilər ki, kiməsə xoş gəlir onu hər yerdə tərifləyirlər. Bu mövsümədək kölgədə idim. "Qarabağ"da oynamayıb, sadəcə, ehtiyatda oturanda hamı yalnız bunu soruşurdu ki, niyə belədi, ümumiyyətlə, nəyə lazımdı belə qapıçı? Milliyə çağırıldığımda da belə suallar verilirdi. Buna görə insanların diqqət mərkəzində olmaq istəmirdim. Oynamayanda mənə qarşı mənə necə münasibət göstərirdilər, istəyirdim ki, oynayanda da belə olsun. Gördünüz ki, bu müddətdə təkcə saytınıza yox, ümumiyyətlə, müsahibə vermədim. Ancaq sonuncu zədə alandan sonra qərara gəldim ki, daha belə etməyim (gülür). Demək istəyirəm ki, bu mövsüm mənim üçün artıq başa çatıb. Bir müsəlman olaraq baş verənlərə görə çox narahatlıq keçirmirəm. Çünki başıma nə gəlməli idi, gəldi də. Yalnız bir şeyi deyə bilərəm - Əlhəmdüllilah! Əlbəttə, ətrafımda olanların hamısı, yaxınlarım deyir ki, bu, göz dəyməsidi. Ancaq istənilən halda, Allah belə məsləhət bilrmiş, belə də olmalı idi. Zədəmə görə yox, ona görə narahatam ki, çempionatın sonunda, belə vacib matçlarda komandama kömək edə bilməyəcəm. Ancaq qorxulu heç nə yoxdu. Bilirsiniz, vəziyyətim daha ağır ola bilərdi.
- Necə? Detallara varardın...
- Açığı, "Səbail"lə matçdakı zədədən sonra fikirləşdim ki, Allah məni çox qorudu qorxulu bir şeydən. Çünki zərbə bir santimetr o yana-bu yana olsaydı, hətta gözsüz da qala bilərdim. Bizim həkim mənə dedi ki, rəqib futbolçunun "butsu" bir az aşağıdan sənə dəysəydi, vəssalam, səni ümumiyyətlə, itirə bilərdik. Çünki belə zərbədən hətta ölmək olar. Bəli, zədə həmişə xoş olmayan bir şeydi. Kimə zədə xoş gələr ki? Ancaq şükür edirəm hər şeyə.
- Hazırda Türkiyədəsən. İstanbulda əməliyyatın necə keçdi?
- Burdakı həkim dedi ki, 4-5 həftədən sonra artıq tam gücümlə komandayla məşq edə bilərəm. Buna görə daha bir nəzarət xarakterli rentgen müayinəsi keçirəcəyik. Bu, yeni mövsümə təlim-məşq toplanışından əvvəl olacaq. Allahın köməyilə həmin vaxta yenidən sırada olacam. Çox əminəm ki bu, ardıcıl iki zədə məni daha da güclü edəcək. Məndə hazırda motivasiya daha çox yaranıb. Əslində, həmişə məndə bu, olub. Ancaq indi daha çoxdu. Üzərində yaxşı işləməyim üçün vaxt olacaq - həm psixoloji, həm də fiziki planda. Çünki mənim üçün ilk belə mövsümdü. Heç vaxt belə şey hiss etməmişəm ki, bu qədər oynayım, özümə bu qədər diqqət cəlb edim. Bu, sözün əsl mənasında ağır yükdü. Əlbəttə, ehtiyatda oturmaq çətindi. Ancaq oynamaq da sən demə, asan deyilmiş (gülür). Təkcə meydanda olmağı yox, ətrafında olanları nəzərdə tuturam. Həqiqətən bu müddətdə mənə diqqətin az olmağı istəyirdim. Xüsusilə Portuqaliya ilə matçdan sonra.
- Yaxşı məqama toxundun. Çünki səninlə diqqət mərkəzinə düşdüyün bu matçdan sonra söhbətləşmək istəyirdim, fikirlərin maraqlı idi. Çünki "seyv"lərinlə Avropada "1 nömrə" oldun. Ancaq eyni zamanda buraxdığın qol da çox müzakirə olundu...
- Hesab etmirəm ki, yalnız bir oyuna görə baxmaq lazımdı. Ok, Allahın köməyilə bu matçı yaxı keçirdim. Ancaq eyni zamanda buraxdığım qol mənim günahımdı. Futbola bax, bir səhv buraxaraq qapında top görəndən sonra bu qədər qurtarlşlar edirsən və hamı haqqında deyir ki, afərin! Ancaq həmin qarşılaşmanı mənim günahım üzündən uduzduq. Özüm bunu başa düşürəm əlbəttə. Ancaq kənardakı insanlar yalnız gözəl tullanışları, "seyvlər"i görürlər. Qolu Maksim vurmadı, bu, onun avtoqolu deyildi. Qolu qapımıza mən gətirdim. Hazırda isə üzərimdə təzyiq yoxdu, istirahət edirəm.
- Bu, nə vaxtadək davam edəcək? Nə vaxt Bakıya dönürsən?
- Bu bazar səhər 5-də. Mayın 16-da sarğılarımı çıxaracaqlar, tikişlərimi sökəcəklər. Qolumda gips yoxdu. Sümüyə hansısa titan qoyublar ki, tez sağalsın. Allaha şükür, əməliyyatım uğurla keçdi. Komandamız mayın 20-da istirahətə yollananda, axırıncı turdan sonra mən də evə - Dağıstana valideynlərimin yanına gedəcəm. Artıq orda bərpa prosesinə, məşqlərə başlayacam. Təbii ki, imkan daxilində yeni mövsümə hazırlaşacam.
- Ümumiyyətlə, "Zirə"ylə matçdakı zədə epizodunu necə xatırlayırsan? Həkimlərin köməyindən sonra qapıya qayıtdın, ancaq az sonra yenidən yerə yıxıldın və bu dəfə əvəzlənəcəyin dəqiqləşdi. Hətta meydanı göz yaşları içində tərk etdin...
- Sözün düzünə qalsa, ümumiyyətlə, başa düşmədim ki, necə oldu zədələndim. Çünki videoya da baxıram, bir şey anlamıram. Ola bilər ki, rəqib diziylə zərbə vurdu, yaxud komanda yoldaşım - dəqiq ayırd edə bilmədim. Bizə qol vurandan sonra üzüldüyümdən əllərimlə özümə zərbə vurdum. Həmin əlimlə ayağa qalxanda hiss elədim ki, nəsə başqa şeydi. Çünki qolumda güc yox idi, əllərimi müxtəlif istiqamətlərə aça bilmirdim. Ağlımdan ilk bu, keçdi ki, sınıqdı. Dedim ki, vəsallam, budu. Sonradan fikrimi dəyişdim. Bilirsiniz, həmin anda qorxu olur ki, düz yerdə belə zədə almaq istəmirsən. Oyun davam elədi, meydanın mərkəzində başladıq və hiss edirəm ki, hərəkət edə bilmirəm. Hətta bir epizod oldu ki, Ağabala Ramazanov qapımıza tərəf qaçır və fikirləşirəm ki, topu necə qaytarım. Artıq bu zaman həkimə demək istədim ki, müdaxilə eləsin. Bəlkə burxulmadı, özümü yenidən sınayım. Bərabərlik qolunu vurduğumuzdan sonra tibbi yardım istədim. Həkimimiz əlimi tərpətməyə başlayanda şaqqıltı səsi eşitdik. Mənə dedi ki, Şah, bu, qırıqdı. Dedim ki, ola bilməz, oynayacam.
- Bayıldakı matçda da zədələnəndən sonra oyunu davam etdirmək istədiyini göstərdin, hətta əlindəki buzu divara çırpdın...
- (gülür) Yəqin ki, bütün bunlar şokdandı. İnana bilmirdim ki, qırılma olsun. Oynamağa başladım və rəqib meydanın mərkəzindən başlayan kimi bir az sakitləşdim və özüm əllərimi tərpətməyə başladım. Onda başa düşdüm ki, ciddi zədədi, hətta ola bilər ki, qapıma adi bir zərbə olsa, onu qaytarmaq üçün elementar əlimi qoya bilməyim. Bu zaman dərhal əvəzlənməyimi istədim. Göz yaşlarıma gəlincə, belə deyildi. Sadəcə, şokun təsiri idi. Belə güclü ağrı yox idi. Ancaq sonra elə bir güclü ağrı oldu ki, ümumiyyətlə, əlimlə heç nə edə bilmirdim. Daha çox ağrıya görə belə üzüntü içərisində idim. Hətta əlcəklərimi özüm çıxara bilmədim, onu kəsməli oldular çıxarmaq üçün.
- Səmimi olsaq, sənə xəsarət yetirən rəqib futbolçularına incikliyim varmı? "Səbail"dən həmin Amil Yunanova, hansıyla ki hələ "Sumqayıt"da komanda yoldaşı olmusan. Amil sonradan səninlə maraqlandımı, vəziyyətindən xəbər aldımı? Yaxud "Zirə"dən bu yöndə zəng, mesaj aldınmı? Başa düşürəm ki, idmanda heç kim zədədən sığortalanmayıb. Ancaq özünə qarşı diqqət gözləyirsən belə çətin anlarda?
- Əlbəttə, heç kimə incikliyim yoxdu. Amilə ümumiyyətlə, yox. Hərçənd, həmin epizod daha qorxulu, daha təhlükəli idi. Amil ayağını daha yuxarı qaldırsaydı, hətta mənə zəng etməsəydi belə, ona heç bir incikliyim olmayacaqdı. Bəli, Yunanovu hələ "Sumqayıt"dan tanıyıram, çox təvazökar, yaxşı oğlandı. Həmin matçdan sonra az qala "Səbail"in bütün heyəti mənə zəng eləmişdi, vəziyyətimlə maraqlanırdı. Baş məşqçiləri Aftandil Hacıyev də əlaqə yaratmışdı, mənə görə narahat idi. Prinsipcə, hamısını tanıyıram. Bizdə elə bir çempionatdı ki, hamımız bir-birimizi tanıyırıq. 8 komandalı çempionadı, sıx-sıx görüşürük, yollarımız kəsişir. Buna görə kimisə bilərəkdən zədələyəsən, bunun üçün gərək zay bir adam olasan. "Zirə"nin futbolçusuna nə incikliyim ola bilər? Adam gedir qol vurmağa, mən də onun qarşısını kəsməyə. "Zirə"dən baş məşqçi Rəşad Sadıqov matçdan dərhal sonra məninlə əlaqə yaratdı, mesaj yazdı, vəziyyətimi soruşdu. Axı, kimsə başa düşmədi ki, nə baş verdi. Hamı elə bildi ki, ayağıma nəsə oldu. Rəşad müəllim çox təəccübləndi belə zədəyə, çox narahatlıq keçirdi mənə görə.
- Sənin üçün bir qədər tez başa çatmalı olan mövsümə nəzər salaq. Geriyə boylananda karyeranda ən yaxşı mövsüm keçirdiyini deyə bilərikmi? Hər halda, həm klubunda, həm də millidə "1 nömrə" ola bildin...
- Deməzdim ki, ən yaxşı mövsümümdü. Belə deyərdim ki, birinci mövsümüdü Şahrudinin (gülür). Şükür Allahın bu gününə. İlk mövsümümdü ki, ümumiyyətlə, oynayıram. "Qarabağ"da 6 ildi çıxış edirəm, heç vaxt bu qədər oyun keçirməmişdim. İlk dəfədi bu sayda ardıcıl matçda meydana çıxdım. Bəli, bu, ilk və ən yaxşı mövsümümdü. Düzdür, elə anlar oldu ki, daha yaxşı çıxış edə bilərdim. Ancaq inşallah, bundan daha güclü ola bilərəm. Çalışacam ki, belə olum.
- "Qarabağ"la bu mövsüm da çempion ola biləcəksiniz?
- Bu il bizim üçün vacibdi. Sonluqda ən vacib olan çempion olmağımızdı. Əlbəttə, bütün ürəyimlə, qəlbimlə komanda yoldaşlarıma dəstək olacam buna nail olmaq üçün. "Qarabağ" üçün cari mövsüm çox çətin keçir. Çünki həm koronavirus problemi oldu, həm də çoxlu zədəli. Ancaq necə güclü idiksə, belə də qalırıq. Heç bir şey dəyişmir. Çempionluqa gəlincə, 3 tur qalıb - 3 final. "Qarabağ"a qarşı bütün komandalar başqa cür oynayır. Buna görə çempion olmaq ikiqat, üçqat çətindi.
- Səncə, həmkarın Emil Balayev bu həlledici mərhələdə üzərinə düşən bu ağır yükü daşıya biləcəkmi? İlk növbədə psixoloji planda. Həm də nəzərə alaq ki, Emil bu mövsüm az çıxış etdiyindən, oyun praktikası sarıdan ciddi korluq çəkir...
- Əlbəttə, öhdəsindən gələcək, buna bir qram belə şübhəm yoxdu. Çünki Emil psixoloji planda rahatdı, daim üzərində canla-başla işləyir. İşini ürəklə görürsənsə, inşallah, heç vaxt problemlə üzləşmirsən. Qapıya görə ümumiyyətlə, narahat deyiləm. Heç vaxt bu olmayıb - istər mən duranda, istərsə də Emil. O, çox təcrübəli qapıçıdı. Onu da sizə deyim ki, Balayev bu mövsüm az çıxış etməyib. "Qarabağ"da 4 ilimdə bu qədər oynamamışam, necə ki Emil bu mövsüm çıxış edib. Millidə də oynadı və problem olmayacaq.
- Və yekun olaraq gələcək planların haqda. "Qarabağ"da qalmaq istəyirsən, yoxsa bəlkə xaricdən təklifin var, legioner həyatı yaşamağı düşünürsən?
- Yox, "Qarabağ"la hələ 1 illik müqaviləm var, bu klubun futbolçusuyam. "Qarabağ" evimdi, burda başqa söhbət ola bilməz. Azərbaycan evimdi, "Qarabağ" komandam! Əlbəttə. hər bir futbolçunun arzusu, məqsədi olur ki, Avropada oynamağa getmək. Ancaq fikrimcə, bir mövsümə, bir oyuna görə bu, azdı. Əlbəttə, söz-söhbətlər gəzir, kimsə nəsə yazır, deyir. Ancaq buna xüsusi diqqət yetirməməyə çalışıram. Çünki çempionluğa, vacib matçlara bütün fokuslanmışdım.
MEHMAN SÜLEYMANOV