Premyer Liqamızda üçüncü dövrəyə yekun vuracaq matçın iştirakçısı olan "Qarabağ"ın çətin vəziyyətlə üzləşməsi müzakirə obyekti olub. Burda söhbət "Keşlə"ylə sintetik qazonda oynamaqdan daha çox heyətdəki itkilərdi. Axı, Ağdam təmsilçisinin millimizin də üzvləri olan iki aparıcı futbolçusu - yarımmüdafiəçi Qara Qarayevlə hücumçu Mahir Emreli zədələnərək sıradan çıxıblar. Xüsusilə Premyer Liqamızın da bombardirlərindən olan Emrelinin zədəsinin ciddi olması narahatlıq doğurur. Ancaq "Keşlə"də itkilər heç də az deyil, heyətlə bağlı ciddi problemlər var. Bu haqda komandanın baş məşqçisi Sənan Qurbanovla söhbətimizdə detallı məlumat aldıq. Gənc mütəxəssis Sport24.az-a müsahibəsinə üçhəftəlik fasilədən necə yararlanmaları ilə başlayıb.

- Fasilədə milliyə gedən futbolçularımız oldu. Bunlar milli komandamızda Şəhriyar Əliyevlə Azər Salahlı, Moldova və Syerra-Leone yığmalarında Stanislav Namaşkoyla Con Kamara idilər. Şükür Allaha ki, bu fasilədən yaxşı istifadə elədik - həm fiziki planda çalışa bildik, həm də texniki-taktiki cəhətdən işlərimiz var idi. Bütün bunlara bacarığımız qədər vaxt ayıra bildik, işlərimizi çatdıra bildik. Ancaq zədəlilərimiz var.  

- Gəlin, konkretləşdirək...

- Sezar Meza Kollinin vəziyyəti qayğılandırır. Düzdür, fərqi məşqlər edir. O, "Sumqayıt"la matçda arxa əzələlərində ağrılar hiss elədi. Bundan sonra MRT müayinəsi etdirdik və gördük ki, orda həqiqətən kiçik problemlər var. İstəmədik ki, daha ciddiyə getsin. Buna görə Sezar fərdi məşqlərlə bərpa olundu. Ancaq bu oyunda yəqin ki, meydanda olmayacaq. Təəssüflər olsun ki, Namaşko millidən zədəli qayıtdı. Kamaranın uzun yol qət etməsi problem yaradır. Ümumiyyətlə, millidən qayıdan futbolçuların durumu, necə vəziyyətdə olmaları bizim üçün maraqlı idi. Şükürlər olsun ki, Azərlə Şəhriyarda elə bir problem yoxdu. Ancaq millidəki legionerlərlə bağlı oyun saatında qərar verəcəyik. 

- "Neftçi"dən sizə də yaxşı tanış olan Moldova millisinin baş məşqçisi Roberto Bordin son matçda Namaşkonun adını protokola belə daxil etməyərək ağrıların olduğunu bildirib. Nədi bu ağrılar?

- "Sumqayıt"a qədər onun ağrısı yox idi, bu, yeni ağrılardı. Sadəcə, həmin matçda onu ehtiyatda qoymağa qərar verdik. Kamal Bayramov da komandamızın təcrübəli qapıçısıdı, ona inanırıq. Stanislav millidən zədəli qayıdıb və son vəziyyəti haqda bizə dəqiq məlumat veriləcək. 

- Namaşkonun "Qarabağ"a qarşı oynamaq şansı varmı?

- Belə deyim ki, yoxdu. Danimarka yığmasıyla matçda ayağında ağrıları hiss edib və növbəti qarşılaşmada heç "18-lik"də olmayıb. Və bu zədəylə də bizə qayıtdı.

- Yeri gəlmişkən, Danimarkada 0:8 hesabıyla uduzduqları həmin matçda 90 dəqiqə çıxış edib Stanislav. Onun psixoloji durumu necədi? Yəni, zədəsi olmasaydı, onu "Qarabağ"a qarşı qapıya qoymağa riskə gedərdiniz?

- O millidi, əlbəttə, belə məğlubiyyətdən sonra psixoloji gərginlik olacaq. Ümumiyyətlə, uduzanda iş çətinləşir, qalib gələndə isə futbolçuların durumları pozitiv, enerjili olur. Baxmayın, məğlubiyyətdən sonra futbolçunun necə vəziyyətdə olması sifət cizgilərindən görünür. Əlbəttə, Stanislavda bu problem yaşanmaqda idi. Özüylə söhbətdə hiss elədim ki, məyusdu. Ancaq təəssüflər olsun ki, zədəsi var.

- Bəli, Kamal təcrübəli qapıçıdı, bəli, baş məşqçinin qapıçısına inanmağı yaxşı bir şeydi. Ancaq onun əsas problemi uzun müddətdi oyun praktikasından korluq çəkməsidi və bunu son turda Sumqayıtda uğursuz çıxışında gördük. İndisə "Qarabağ"la daha çətin matç gəlir. "Çərçivə"ylə bağlı narahatlığınız var? Məcburiyyətdən bu addımı atmalısınız, yoxsa necə?

- Bilirsiniz, Kamalın uzun müddət zədəsi oldu. Bundan sonra meydana qayıtmaq o qədər asan olmur - istər təcrübəli, istərsə də gənc qapıçı üçün. Bu, Bayramova təsirini göstərdi. Onu uzun fasilədən sonra qapıya qoyduq və göstərdik ki, inandığımız qolkiperdi. İstəyirik ki, bu mövqedə rəqabət olsun. İndi belə alındı ki, Namaşko zədəlidi.

- Kamarada probem yalnız yol yorğunluğudu, yoxsa onda da ağrılar var?

- Yox, şükür Allaha ki, zədəli deyil. Sadəcə, uzun yol gəlib. Komandayla oyunöncəsi son məşqə də çıxdı. Danışıb oyun günü qərar verəcəyik oynamağı ilə bağlı. 

- Bu qədər ciddi itkilər və "Qarabağ" kimi güclü rəqib. Təşviş yaranmayıb artıq indidən, oyuna çıxmadan?

- Yox istənilən halda. Əlbəttə, "Qarabağ" ciddi rəqibdi. Başa düşürük ki, itkilərimiz var. Məsələn, kapitanımız Tərlan Quliyev də oynamayacaq, 4-cü sarı vərəqəyə görə cəzalıdı. Onsuz da çempionat sonuna yaxınlaşdıqca heyətdə rotasiya etmək fikrim var idi. Düşünürəm hər bir futbolçuya elə yük düşsün ki, qalan matçlarda problem yaşamayaq. İstər-istəməz sona yaxın futbolçularda güc itkisi, fiziki, psixoloji, beyin yorğunluğu olur və hamıya eyni yük düşməsini istəyirəm. "Qarabağ"a qarşı meydana çıxacaq futbolçularımız əlbəttə, inandıqlarımızdı. Oyun üslubumuza uyğun gələrək daha həvəslidirlər və onlar üçün də bir şansdı. 

- Əsas kapitanınız İlkin Qırtımov son matçda "korona" üzərindən karantinə alınmışdı. İndi vəziyyəti necədi?

- Qırtımov tam hazır vəziyyətdə komandayla məşqlərini davam etdirir. O da təcrübəli, inandığımız futbolçulardandı.

- "Korona" problemi yaranmayıb oyunöncəsi testdən sonra?

- Yox. Oyuna 2 gün qalmış verdik testi, şükürlər olsun ki, heç kimdə virus çıxmadı. 

- "Qarabağ"da da ciddi itkilərin olduğunu bilirsiniz. Xüsusilə bombardir Mahir Emrelinin yoxluğu işinizə yarayacaqmı?

- "Qarabağ" yaxşı, təcrübəli legionerlərdən və yerli futbolçulardan ibarət komandadı. Artıq təqdimata ehtiyacı yoxdu. Mahirin yerinə oynayacaq futbolçu da keyfiyyət baxımından yaxşı olacaq. Əlbəttə, Emrelinin özü də keyfiyyətli futbolçudu. Sadəcə, həmişə demişəm ki, öz komandam məni daha çox maraqlandırır. Əlbəttə, rəqibi, oyunlarını da analiz edirik və görürük səviyyə fərqini. Ancaq ən önəmlisi oyun günü "Keşlə"nin necə olmağıdı. 

 

 

 

MEHMAN SÜLEYMANOV