"Bu, fasilədən sonra ilk oyunumuz idi. Ağır məğlubiyyət aldıq. Zədəli və cəzalı oyunçuların çoxluğu bəlkə də buna təsir etdi". Bu sözləri Sport24.az-a açıqlamasında "Turan Tovuz"un kapitanı Şəhriyar Əliyev deyib.

32 yaşlı müdafiəçi "Kəpəz"ə 2:5 hesabı ilə uduzduqları Premyer Liqanın XIX turunun oyunu ilə bağlı danışıb:

"İki dəfə hesabda önə keçdik. Standart vəziyyətlərdən qollar buraxdıq. Bu da qarşılaşmaya təsirsiz ötüşmədi. Məşqlərdə belə səhvlər etməmək üçün çox çalışırıq. Artıq növbəti matça köklənməliyik".

Əliyev XX turda "Qarabağ"a qarşı keçirəcəkləri oyun barədə də fikirlərini bölüşüb: "Düşünürəm ki, bu, ən ağır matçlarımızdan biri olacaq. Çempionatın liderinə qarşı mübarizə aparacağıq. Həqiqətən bizi çətin oyun gözləyir. "Kəpəz"lə görüşdəki səhvlərimizi analiz edəcəyik və bunları təkrarlamamağa çalışacağıq. "Qarabağ" hansısa xırda səhvi bağışlamayacaq. Ötən turda da adi səhvdən rəqib bizi cəzalandırdı".

Müdafiəçi l və ll dövrələrdə Ağdam təmsilçisinə məğlub olmadıqlarını xatırladıb: "Hər iki tərəf növbəti qarşılaşmada istəkli olacaq. "Qarabağ" ölkə çempionudur, onlar da meydana qələbə üçün çıxacaqlar. Biz də əlimizdən gələnin ən yaxşısını etməyə çalışacağıq".