"Millətlər Liqasına uğurlu başlamağı planlaşdırmışdıq. Komandanın potensialı buna imkan verir. Təəssüf ki, hər iki oyunda məğlub olduq. İstədiyimiz nəticəni əldə edə bilmədiyimizə görə çox məyusuq". Bu sözləri Sport24.az-a açıqlamasında yığmanın üzvü Şəhriyar Əliyev deyib.
Millinin və "Turan Tovuz"un müdafiəçisi ölkənin əsas komandasının qarşıdakı oyunlarda daha yaxşı çıxış edəcəyinə inandığını da söyləyib: "Milli komandada mübarizə əzmi var. Həm Bakıda İsveçə, həm də səfərdə Slovakiya yığmasına qarşı oyunda bunu göstərdi. Sadəcə, fürsətlərimizi qola çevirə bilmədik və müdafiədə boşluqlar verdik. Hər iki oyundakı səhvlərimizi ciddi analiz etməli və irəli baxmalıyıq. Ruhdan düşmürük, qarşıdakı matçlarda daha yaxşı çıxış edəcəyik. Bakıda slovakları məğlub edə, İsveç səfərindən uğurlu nəticə ilə qayıda bilərik. Estonlara isə hər iki oyunda qalib gəlmək mümkündü. Bunu üçün əlimizdən gələnin ən yaxşısını edəcəyik".
Qeyd edək ki, Santuşun rəhbərrllik etdiyi yığma komanda Millətlər Liqasının hər iki görüşünü məğlub başa vurub. Milli əvvəlcə evdə İsveçə 1:3, ardınca səfərdə Slovakiyaya 0:2 hesabı ilə yenilib.