"Uzun müddətdir sahib olduğum bir fikri yenidən dilə gətirəcəyəm: söhbət Yuri Nikolayeviç Vernidubdan gedir. O, hazırda altıncı klubunda çalışır.  Kiyev "Dinamo"sunu çalışdırmağa ondan namizəd yoxdur". Sport24.az xəbər verir ki, bu fikirləri ukraynalı jurnalist Maksim Gilenko "Vzbirna" adlı "yutub" kanalında qonaq olarkən bildirib.

 

O, Vernidubun "Neftçi"də gördüyü işləri nümunə göstərərək, ukraynalı mütəxəssisin "Dinamo"nun baş məşqçisi olmağa layiq olduğunu vurğulayıb:

 

"Neftçi" onun rəhbərliyi altında çox yaxşı çıxış edir. Ötən mövsüm o, 8-ci pillədə qərarlaşan "Neftçi"ni qəbul etdi və komandanı 3-cü və ya 4-cü yerə qədər yüksəltdi. Bu mövsüm isə "Neftçi" liderləri sırasındadır.

Bu, Vernidubun altıncı iş yeridir və hər altısı da uğurlu olub. Zaporoje "Metallurq"u ilə başlayıb, ardınca "Zarya", "Şaxtyor" (Soliqorsk), "Şerif", "Krivbas" və indi də "Neftçi". Yəni, altı cəhddən altısı da uğurlu. Düzü, Vernidubun məşqçilik nailiyyətlərinə nəzər saldıqda, heç bir mənfi cəhət görmürəm".

 

Qeyd edək ki, İqor Kostyuk istefaya göndərildikdən sonra Kiyev "Dinamo"sunun "sükanı" müvəqqəti olaraq polşalı Matsey Kęndzerekə tapşırılıb.