"MOİK-in mövsümə pis başlamasına baxmayaraq, hələ də onları çempionatda iddialı komanda kimi görürəm. Böyükhesablı qələbə olsa da, rahat qalib gəlmədik. İlk dəqiqələrdə qol vurduq, sonra isə gözləmədiyimiz səhvdən məyus olduq. İlk hissədə rəqibin azlıqda qalması işimizi bir qədər asanlaşdırdı. Nəticədə böyük hesabla qalib gəldik". Bu sözləri Sport24.az-a açıqlamasında I Liqa təmsilçisi "Şəfa"nın baş məşqçisi Elgiz Kərəmli deyib.

Mütəxəssis komandasının Liqanın 4-cü turunda "hərbiçilər"ə qalib gəldikləri oyun (4:1) haqda fikirlərini bölüşüb:

"Məqsədimiz hər oyunda qələbə qazanmaqdır. Yalnız bu cür çempion ola bilərik. Keçirdiyimiz görüşlərdə böyükhesablı qələbə qazansaq da, çox güc sərf etmişik. Səbəbi isə hər matça ciddi yanaşmağımızdı. Həm "Səbail", həm də digər iddialı klublar bu tur xal itirdilər. Bu, bizim turnir cədvəlində vahid lider olmağımızla nəticələndi. Təbii ki, bu da bizim üçün əlavə motivasiyadır".

 

Gənc mütəxəssis növbəti turda qarşılaşacaqları "Baku Sportinq" matçı ilə bağlı gözləntilərini də bölüşüb: 

 

"Ümumiyyətlə, rəqiblərin hər birinin öz üstün cəhətləri var. Bunlardan biri də hər bir komandanın heyətində ən azı Birinci Liqa təcrübəsi olan futbolçuların olmasıdır. Bu da çempionluq uğrunda mübarizənin çox çətin keçəcəyindən xəbər verir. Növbəti turdakı rəqibimiz çempionata iddiasını qoyaraq başlayıb. Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıblar. Onlardan bu nəticəni gözləyirdim. Rəqibin ev oyunlari keçirdiyi arenanın vəziyyəti ürəkaçan deyil. Bunun da komandamıza əlavə çətinlik yaradacağını düşünürəm. İstənilən halda biz hər oyuna qələbə üçün çıxırıq və hər matça da final oyunu kimi yanaşırıq".

Qeyd edək ki, "Şəfa" Birinci Liqada 4 turdan sonra 12 xalla vahid liderdir.