"Turanın bizimlə müqaviləsi var və hazırda "Dalğa Arena"dakı təlim-məşq toplanışımızdadı. Sadəcə, mikrozədəsi olduğundan, hələlik fərdi məşq edir. Onunla bağlı təkliflər almışıq, amma hələ ki danışıq səviyyəsindədi". Bu fikirləri Sport24.az-a açıqlamasında "Səbail"in baş məşqçisi Aftandil Hacıyev söyləyib.
Məlumdu ki, bu komandanın sol cinah müdafiəçisi Turan Manafov Yunanıstanın aşağı liqa təmsilçisi "Olimpiakos"un (Volos) transfer siyahısında ön planda yer alıb. Amma məlum olur ki, klubuyla cari mövsümün sonunadək müqaviləsi olan 24 yaşlı solaxay futbolçuyla təkcə xaricdən yox, ölkə daxilindən də ciddi maraq var. Hacıyevi dinləyək: "Maraqlanan təkcə yunanlar deyil. Ümumilikdə 4 klubdu. Amma danışıqlar getdiyindən, ad çəkməyi məqsədəuyğun saymırıq. Əslində, Turanın fəaliyyətində biz də maraqlıyıq. Çünki əlimizdə yetərincə oyunçu yoxdu. Lakin Manafov üçün nə yaxşı olacaqsa, çalışacağıq belə də qərar verək. Hələ ki detallar danışılır ki, futbolçumuzu kim necə istəyir. Baxacağıq vəziyyətə və yekun qərarımızı verəcəyik".
Hacıyev ad çəkməsə də, etibarlı mənbədən əldə etdiyimiz məlumata görə, həmin 3 klub Azərbaycandandı ki, bunlardan 1-i "Qəbələ"di. Belə ki, "qırmızı-qaralar" aparıcı futbolçusu Ürfan Abbasov ciddi zədə üzündən cari mövsümü vaxtından əvvəl bitirmək təhlükəsi ilə üzləşdiyindən, onun mövqeyinə - müdafiənin sol cinahına oyunçu axtarır.
MEHMAN SÜLEYMANOV