"Çox maraqlı Dünya çempionatı izləyirik. Turnirin yüksək təşkilatçılığı və komandaların nümayiş etdirdiyi futbol yarışa xüsusi rəng qatır".
Bu sözləri Sport24.az-a açıqlamasında Saşa Yunusoğlu deyib.
Veteran futbolçu ABŞ, Kanada və Meksikada təşkil olunun mundialın yarımfinal mərhələsində bu gün baş tutacaq İngiltərə - Argentina oyunu haqqında fikirlərini bölüşüb:
"Turnirin əvvəlindən iki favoritim var idi – Fransa və İspaniya. Çünki hər iki komanda çox keyfiyyətli futbol sərgiləyirdi. Təəssüf ki, onlar yarımfinalda üz-üzə gəldilər və nəticədə Fransa finala yüksələ bilmədi. İkinci yarımfinal cütlüyü olan Argentina – İngiltərə qarşılaşmasında isə Messiyə görə Argentinanı cüzi favorit hesab edirəm. Hazırda Messi çox yaxşı formadadır və onun özünəinamı, liderliyi bütün komandaya sirayət edir. O, komandanın həm beyni, həm də mühərrikidir. Sanki əvvəlki ən parlaq illərini yenidən yaşayır.
İngiltərə də çox güclü futbolçulardan qurulmuş komandadır. Alman baş məşqçi alman və ingilis futbolunun üstün cəhətlərini birləşdirərək praqmatik və nəticəyönümlü oyun sistemi formalaşdırıb. Buna görə də bu cütlükdə açıq favorit görmürəm və çox gərgin, maraqlı qarşılaşma gözləyirəm. Finala kim yüksəlsə də, İspaniyaya qarşı oynamaq çox çətin olacaq. İspanlar bu turnirdə əsl "Qırmızı Furiya" kimi çıxış edərək demək olar ki, bütün rəqiblərini üstələyiblər".
Xatırladaq ki, İngiltərə - Argentina oyunu Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Cütün qalibi finalda İspaniya ilə qarşılaşacaq. Yarımfinalın ilk oyununda İspaniya Fransanı iki cavabsız qolla üstələyib.