"Çempionatın ilk hissəsi gərgin keçdi. Azarkeşlər maraqlı oyunlara şahidlik etdi. İlk "altılıq"da yer alan komandaların hər birinin avrokuboklara vəsiqə qazanmaq şansı var". Bu sözləri Sport24.az-a açıqlamasında Samir Əliyev deyib.
U-21-in sabiq baş məşqçisi Misli Premyer Liqasında mövsümün ilk yarısını dəyərləndirib:
"Neftçi"ni də unutmaq olmaz. Qışdan sonra onlarda mübarizəyə qoşulacaq. Öncədən hansı komandaların avrokuboklara yollanacağını demək çətindir. Premyer Liqada qalmaq uğrunda da gərgin mübarizə gedəcək. "Karvan-Yevlax", "Qəbələ" və "Kəpəz" kimi komandaların aralarında xal fərqi çox deyil. Təəccübləndirən komandalardan "İmişli" oldu. Yeni heyət formalaşdırdılar. Heç kim onlardan belə bir sıçrayış gözləmirdi. "Sabah" qış fasiləsinə lider kimi yollanması mənim üçün sürpriz olmadı. "Bayquşlar" ölkədə normal büdcəsi olan 3 komandadan biridir. Onların çempionluq yarışmasına qoşulması da mənim üçün gözlənilməz deyildi. Neçə illərdir bu yolu gəlirlər. Klub rəhbərliyi geridə qalan səhvləri təkrarlanmaması üçün çalışırlar. Heyətə baxanda keyfiyyətli futbolçular var. Son oyunlarda yüksəlişdə oldular. Sona qədər bunu davam etdirmək çətin olacaq. "Qarabağ" bir addım öndədir. Son oyunlarda görünürdü ki, "Qarabağ"ın futbolçuları psixoloji və fiziki cəhətdən yorulublar. Düşünürəm ki, qış fasiləsi onlar üçün göydəndüşmə oldu. Mümkünsüz heç nə yoxdur. "Qarabağ" üçün bir xallıq fərqi aradan qaldırmaq çətin olmayacaq. Roman Qriqorçukun vaxtında "Qəbələ" qış fasiləsinə öndə yollanırdı, qışdan sonra isə "Qarabağ" onları keçirdi və çempion olurdu. "Sabah"ın yüksəlişi "Qarabağ" üçün də siqnal olacaq. Sevindirici haldır ki, bir neçə ildir "Qarabağ"a belə müqavimət göstərən komanda yox idi. Artıq "Sabah" nəfəsini hiss elətdirir".
Qeyd edək ki, "Sabah" fasiləyə 2025/2026 mövsümünün qış çempionu kimi yollanıb.