Milli komandamızın yeni seçmə mərhələdə startı ilə bağlı tarixində ən yaxşı futbolçulardan olmuş Samir Əliyevlə söhbətləşdik. Hansı ki ən uğurlu legioner həyatı yaşayan futbolçularımızdan olub. U-19 yığmamızın baş məşqçisinin Sport24.az-a müsahibəsində əsas söhbət mövzusu da məhz bu olub. 

- Rəqiblərin gücü hər kəsə bəlli olsa da, hər bir vətəndaş 2 oyunda millimizdən ən azı 1 xal gözləyirdi. Bəs niyə arzular arzu olaraq qaldı? Əsas səbəb nədi? Niyə startdaca qrup autsayderi olmaq Azərbaycan futbolunun alın yazısına çevrilib?

- Real yanaşsaq, bugünkü gündə hər bir vətəndaş kimi mən də istərdim ki, milli komanda ən azından evdə Serbiya ilə oyunda 1 xal qazansın. Amma təəssüf, alınmadı. İstər Portuqaliya, istərsə də Serbiya millisi olsun, səviyyəcə bizdən qat-qat üstündü. Portuqaliya yığması haqda heç danışmağa ehtiyac yoxdu. Hücum xəttinin üzvlərinin hansı klublarda və necə çıxış etmələrini hər kəs bilir. Yığma olaraq da son illərdə göstərdiyi nəticə də göz önündədi. Serbiya yığmasının da heyətinə baxırsan, hamısı Avropanın ən güclü klublarında çıxış edir. Hansılar ki, hər həftədə 1 də yox, 2 dəfə yüksək tempdə, yüksək səviyyədə futbol oynayırlar. Buna görə real yanaşsaq, bir az çətin olardı bizim onlardan xal qoparmağımız. Amma Serbiya ilə görüş də göstərdi ki, son 10 dəqiqədə qol buraxmasaydıq, bu, mümkün idi. Həm də fikrimcə, püşkatmada da bəxtimiz gətirmədi. O mənada ki, 5 komanda olan bir qrupa düşdük. Əlbəttə, Portuqaliya, Serbiya və İrlandiyayla müqayisədə Lüksemburq bir az zəif görünə bilər. Amma bu yığmanın İrlandiyanın səfərdə məğlub etməsi, portuqaliyalılarla son matçı göstərdi ki, heç də asan rəqib deyil. Heyətinə də nəzər yetirdikdə görürük ki, futbolçuları Avropanın ən güclü klublarında oynamasalar belə, yetərincə yaxşı çempionatlarda çıxış edirlər. 

- Qeyd etdiniz ki, Portuqaliya və Serbiya millilərinin futbolçuları top klublarda çıxış edir. Ancaq Almaniya yığmasının futbolçuları da heç də zəif çempionatlarda oynamır. Buna baxmayaraq, ötən axşam almanlar evdə Şimali Makedoniyaya məğlub oldular. Qafqazın digər iki ölkəsinin yığması da bizdən uğurlu çıxış edir. Yenə də hər şey azərbaycanlı futbolçuların Biləcəridən o yana keçmək istəməməklərinə gəlib çıxmırmı?

- Əlbəttə, bu gün Almaniyaya qalib gələn Şimali Makedoniya olsun, Yunanıstanla səfərdə heç-heçə oynayan, İspaniyanı udan, son dəqiqələrdə buraxdığı qolla uduzan Gürcüstan olsun, istər də Ermənistan olsun, bunların milli çempionatları bizim Premyer Liqadan üstün deyil. Onların klublarının avtrokuboklarda çıxışlarını Azərbaycan təmsilçiləri ilə müqayisə etsək,  görərik ki, öndə deyllər. Ancaq bu gün onlar nəyin hesabına milli səviyyəsində uğur qazanırlar - futbolçularının xaricdə oynamağı sayəsində. Həmin Şimali Makedoniyanın U-19 yığması ilə keçən ilin yanvarında Antalyada yoxlama matçında oynadıq, hər iki görüşdə də qalib gəldik. Amma 2-3 ildən sonra eşidəcəksiniz ki, həmin təvəllüdlü futbolçular Avropanın hansısa başqa ölkələrinin klublarında çıxış edəcəklər, bizimkilər isə yenə də yerli çempionatda. Nə qədər futbolçularımız - istər gənclər olsun, istərsə də bir az təcrübəlilər, fərqi yoxdu - qırağa çıxmayacaqlar, ən azı Xviça Kvaratsxeliya kimi Rusiya, Ukrayna və digər ölkələrə yollanmayacaqlar, irəli gedə bilməyəcəyik. Polşa, lap Bolqarıstan olsun, təki burdan çıxıb getsinlər. Nə qədər ki xaricdə 6, 7, 8, lap 10 futbolçunuz olmasa, hansılar ki, mili komandanın sütununu təşkil edəcəklər, uğur qazanmaq haqda söhbət getməyəcək. Ya da bizim yerli çempionatın səviyyəsi yüksəlməlidi, bu da bir az çətin məsələdi. Yalnız futbolçularımızın legioner həyatı yaşamaları hesabına milli səviyyəsində uğur qazana bilərik. Əks halda yenə məyus olacağıq, hansısa bir oyunda kimdənsə 1, yaxud 3 xal alacağıq, belə də davam edəcək, vaxtımız gedəcək. Bir də görəcəyik ki, artıq illər keçib, yenə də yerimizdə sayırıq. 

 - Müstəqillik dönəmində Vətəndən kənarda futbolumuzu ən parlaq formada təmsil edən azsaylı azərbaycanlılardansınız. O da sirr deyil ki, ölkəmizdən xaricə kütləvi futbolçu axını çempionat dayandırılandan sonra - 2002-2003 mövsümünə təsadüf etdi. Belə çıxır ki, çempionatı dayandırmaq lazımdı ki, futbolçularımız yenə ölkə xaricinə yollansın, yoxsa bu torpaq artıq Samir Əliyev, Fərrux İsmayılov, Mahmud Qurbanov, Kamal Quliyev səviyyədə futbolçu yetişdirə bilmir ki, bizimkilərə də xaricdən təklif gəlsin?

- Əlbəttə. razıyam ki, nə qədər xarici ölkələrə futbolçular gedib oynasa, - "Böyük beşlik" olmasa da - ortabab çempionatlara yollanıb çıxış etsələr, bir o qədər yaxşı olar. Ancaq təəssüflər olsun ki, bu gün o səviyyədə çıxış edə biləcək futbolçumuz azdı. Düzdü, var, ancaq azdı. Yenə də aşağıya boylananda, U-19, U-21-nin heyətlərinə baxanda, görürsən ki, həqiqətən bacarıqlı futbolçular var. Hansılar gedib qıraqda oynaya bilərlər.  

- Axı, necə olur ki, 22 yaşlı Samir Əliyev İtaliya millisinin başına oyun açırdı, indiki 22 yaşlı futbolçular isə Azərbaycan Premyer Liqasında gənc limit statusuna sahib olduqları üçün “papaqlarını günə” verirlər?

- Gənclərlə bağlı bu limit məsələsi elə bir mövzudu ki, fikrimcə, yenidən qaldırılmalıdı və dərindən təhlil aparılmalıdı. Bu limit ümumiyyətlə, Azərbaycan futboluna nə verdi? Xeyir verdimi, yoxsa xeyirdən daha çox Azərbaycan futbolunun ziyanına getdi? Əlbəttə, bu limitə görə üzə çıxan futbolçular da oldu. Ancaq çox az sayda. Yenə deyirəm ki, dərindən təhlil olub yenidən baxılmalıdı ki, bu, bizə nə verdi və gələcəkdə nə verə bilər. 

- Legioner limitinin tətbiqi yerli futbolçuların layiq olmadıqları maaşları tələb etməsini şərtləndirir və bunun nəticəsində xaricdən gələn daha aşağı məbləğdə təkliflərdən imtina edirlər. Sizcə, limitin ləğvi zamanı çoxdan yetişməyibmi?

- Legioner limitindən də vacib məsələ var. Şükür Allaha, nə qədər ərazimiz - şəhərlərimiz, rayonlarımız var. Yəni, klubların sayını çoxaltmaq lazımdı. Premyer Liqada ən azı 10 komanda olmalıdı, I Divizion əvəzedicilərdən ayrılmalıdı. Əvəzedici komandaların öz çempionatı keçirilməlidi, I Divizionun da öz yarışı. İkinci dəstə yaradılmalıdı. Bundan əlavə, idman prinsipləri var - II Diviziondan I Diviziona, I Diviziondan Premyer Liqaya yüksəlməli, Premyer Liqada sonuncu yerdəki komandalar aşağı düşməlidi. Yəni, belə idman prinsipləri olmalıdı ki, futbola maraq daha da çoxalsın, bölgələrdə futbol inkişaf etsin. Bunlar olmasa, bir az çətin məsələdi. Çox uzağa getməyək, qonşu Gürcüstana baxsaq, onların gördüyü işlərdən faydalanmaq olar. Bir çox məsələlər var ki, saatlarla müzakirsinə ehtiyac var. 

- Portuqaliya və Serbiyanı sevindirdik. Bəs İrlandiya və Lüksemburqla matçlarda bizim sevinmək şanslarımızı necə dəyərləndirirsiniz?

- Portuqaliya və Sertbiyaya məğlubiyyətlərdən sonra istər azarkeşlər, istər ictimaiyyət, istərsə mütəxəssislər, həmçinin futbolçular, hamı məyusdu. Ancaq ruhdan düşmək lazım deyil. Çünki Portuqaliya və Serbiyaya məğlub olmuşuq. Qarşıda İrlandiya və Lüksemburqla oyunlarımız var. Əlbəttə, hər iki komandadan xal və xallar almaq olar. 

 

 

CEYHUN ƏLİYEV