"Sumqayıt"ın baş məşqçisi Samir Abasov Konfrans liqasında qarşılaşacaqları "Fehervar"la bağlı fikirlərini bölüşüb. Sport24.az xəbər verir ki, "kimyaçılar"ın çalışdırıcısı Macarıstan təmsilçisini güclü rəqib adlandırıb: "Düşünürəm ki, rəqibimiz kifayət qədər güclü komandadır. Ümumiyyətlə, püşkdən əvvəl qısa siyahı açıqlananda bilmək olurdu ki, 5 komandadan hansı olsa, işimiz asan olmayacaq. Amma biz də oyuna uduzmaq üçün çıxmayacağıq təbii ki".
46 yaşlı mütəxəssis oyuna yaxşı hazırlaşmaq üçün qarşıdakı vaxtdan maksimum yararlanacaqlarını da vurğulayıb: "Qarşıda bir aydan çox vaxtımız var, rəqibin oyunlarını izləyəcəyik, analizlərimizi aparıb matça hazırlaşacağıq. Xüsusilə də ilk oyunda öz meydanımızda azarkeşlərimizin dəstəyi ilə sərfəli nəticəni əldə edib səfərə rahat yollanmaq istəyirik. Avrokuboklarda mübarizə aparan digər təmsilçilərimizə də uğurlar arzulayıram".
Qeyd edək ki, "Sumqayıt"la "Fehervar" arasında keçiriləcək ilk qarşılaşma iyulun 25-də Sumqayıtda keçiriləcək.