Bu gün keçiriləcək iki oyunla Misli Premyer Liqasında 19-cu tur başa çatacaq. Sport24.az xəbər verir ki, qarşılamalardan biri bölgədə, digəri isə Bakıda keçiriləcək.
Günün ilk görüşü Şamaxıda olacaq. Bölgənin eyni adlı təmsilçisi "Qarabağ"ı qəbul edir. Bu komandalar arasında ötən həftə baş tutan kubok qarşılaşması "şirlər"in qələbəsi ilə yekunlaşıb. Maraqlıdır, Ayxan Abbasovun yetirmələri bu gün də eyni qəhrəmanlığı təkrarlaya biləcək? Ağdamlılar səfərdə oynasa da görüşün favoritidir. Qurban Qurbanovun komandası çempionluq uğrunda "Sabah"la gərgin rəqabət aparır. "Bayquşlar" srağagün aktivinə növbəti 3 xalı yazdırdığından "köhlən atlar" bu matçda yalnız qələbə qane dir. Əks halda Masazır klubu ilə xal fərqi bir qədər də artacaq. Hazırda "Sabah" 46 xalla turnir cədvəlinin zirvəsində qərarlaşıb. "Qarabağ"ın isə liderdən 7 xal geri qalır.
Qeyd edək ki, oyunun start fiti saat 14:30-da səslənəcək.
Misli Premyer Liqası
II dövrə, XIX tur
14:30. "Şamaxı" - "Qarabağ"
Hakimlər: Kamal Umudlu, Namiq Hüseynov, Vüsal Məmmədov, Ruslan Quliyev
VAR: Kamranbəy Rəhimov
AVAR: Eyyub İbrahimov
Hakim-inspektor: Munis Abdullayev
AFFA nümayəndəsi: Yavər Rəhimov
Şamaxı. Şəhər stadionu.