Hazırda "Şəfa" klubunda çıxış edən "Neftçi"nin sabiq futbolçusu Emin Zamanov Sport24.az-a müsahibə verib

- Ötən ildən bu komandada çıxış edirsən. Bu qərarı verməyində əsas amil nə oldu?
- ⁠Düşünürəm ki, burada klubun gələcəklə bağlı düşüncələri, məqsədləri, planları böyük rol oynadı. Ötən mövsümdən bu kollektivdəyəm. Hazırda bu qərarı verdiyim üçün xoşbəxtəm.

- Komandada öz çıxışını necə qiymətləndirirsən?
- ⁠Məncə, bu barədə nəsə denəyim doğru olmaz. Məşqçilər heyəti daha yaxşı bilər.

- Bəs komandadakı rolundan necə razısan?
- ⁠Əlbəttə, razıyam. Müntəzəm olaraq oynayıram. Kluba xeyir verməyə çalışıram.

- Bir az keçmişə qayıdıb karyerandan danışaq. Sənin üçün ən çətin dövr hansı olub?
- ⁠Karyeramda hər dövrün öz çətinliyi var. Hər çətinlikdə yeni şeylər öyrənməyə çalışmışam. Düşünürəm ki, hər biri ayrı-ayrı vaxtlarda köməyimə də çatıb. Amma sırf bir klubu demək lazımdırsa, MOİK-də hərbi xidmətdə olduğum zaman deyə bilərəm.

- Daha gənc yaşlarında istedadlı futbolçulardan hesab edilirdin. Səncə, karyeranın parlaq olmasına nə mane oldu?
- ⁠Mənim də bir neçə səhvlərim olub. Hətta mənə qarşı doğru olmayan addımların atılması da buna təsir göstərib. Amma daha çox öz səhvlərimin səbəb olduğunu deyə bilərəm.

- "Neftçi"də keçirdiyin illəri necə xatırlayırsan?
- ⁠"Neftçi" komandasında olduğum zamanlarsa çox təcrübə qazanmışam. Bunlar hazırda da mənə kömək olur.

- İndi 28 yaşın var. Karyeranla bağlı planın nədir?
- ⁠Hazırda əsas məqsədim, "Şəfa" ilə I Liqada çempion olub Premyer Liqaya vəsiqə qazanmaqdır. Ən yaxşısını Allah bilir. İnşallah buna nail olaram.

- Yəqin ki, çempionluq asan başa gəlməyəcək. I Liqada sizə ən real rəqib hansıdır?
- ⁠Çempionluq üçün var gücümüzlə çalışırıq. I Liqada bütün komandalar hörmətə layiqdilər. Hər birinin üstünlükləri və öz yanaşmaları var.